"Əsrin müqaviləsi" Azərbaycanın dövlətçilik tarixində mühüm hadisələrdən biridir” AÇIQLAMA-ÖZƏL

20 Sentyabr 2019 17:08 (UTC+04:00)

“Bu gün Azərbaycan dünyada həm zəngin mədəni-tarixi dəyərlərə malik, həm də böyük neft və qaz ehtiyatlarına sahib ölkə kimi tanınır. Ölkəmizin iqtisadi, sosial və hərbi cəhətdən inkişafının əsasında güclü və sarsılmaz siyasi iradə və təbii sərvətlərimizdən düzgün istifadə dayanır. Bu imkanı reallığa çevirən isə Ulu öndər Heydər Əliyevin məhsulu olan yeni neft strategiyamız və həmin strategiyanın reallaşdırılması üçün hazırlanan neft diplomatiyasıdır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, deputat Mirkazım Kazımov deyib.

O bildirib ki, neft strategiyası ölkəmizin təbii sərvətlərindən xalqımızın bəhrələnməsinə xidmət etdisə, neft diplomatiyası Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının birgə işlənilməsi üçün dünyanın Qafqazda marağı olan bütün mərkəzlərinin iqtisadi mənafelərinin ödənilməsinə şərait yaratdı.

Deputatın sözlərinə görə, bu isə Azərbaycanın beynəlxalq aləmdəki tərəfdaşlarının, dostlarının sayının daha da artması deməkdir.

M. Kazımov söyləyib ki, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı respublikamızın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoymaqla yanaşı, neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara faktiki olaraq yenidən başlanmasını reallaşdırdı: “Nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi. Onun işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında ən böyük silahdaşı məhz o zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan cənab İlham Əliyev idi. Həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan cənab İlham Əliyev xalqımızın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə edilməsi üçün gərgin əmək sərf edib. Seçilən düzgün yol, aparılan gərgin iş öz bəhrəsini verdi. 1994-cü ilin 20 sentyabrında Bakı şəhərinin “Gülüstan” sarayında XX əsrin ən böyük iqtisadi layihələrindən olan, tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adı ilə bütün dünyada məşhurlaşan saziş imzalandı. Bakıda dünyanın 8 ölkəsini təmsil edən yüksək nüfuza malik, neft hasilatı üzrə ixtisaslaşmış 13 iri neft şirkəti arasında “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənilməsini nəzərdə tutan bu irimiqyaslı beynəlxalq müqavilə müasir Azərbaycanın tarixində və taleyində mühüm rol oynayıb. “Əsrin müqaviləsi” ilə Azərbaycan özünün təbii sərvətlərinə sahib çıxmaq haqqını bütün dünyaya bəyan etdi, milli mənafelərimizi, iqtisadi və strateji maraqlarımızı qorumaq əzmini göstərdi”.

Deputat xatırladıb ki, tarixi neft sazişi 1994-cü ilin dekabrında Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya olunaraq qüvvəyə minib: “Bununla da, yeni neft strategiyası və doktrinasının uğurla həyata keçirilməsinə start verilib. Dərin bir inam və uzaqgörənliklə işlənib hazırlanan bu böyük layihə özünü tamamilə doğruldub, təkcə iqtisadi nəticələrinə görə deyil, həm siyasi, həm də sosial rifah mülahizələri baxımından əsl təməl rolunu oynayıb. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: “Əsrin müqaviləsi” məhz Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasından irəli gəlmiş tarixi hadisədir. Biz sübut etdik ki, Azərbaycan etibarlı tərəfdaşdır. Biz sübut etdik ki, Azərbaycana xarici sərmayənin gəlməsi və istifadə olunması üçün burada bütün imkanlar yaradılıbdır. Biz sübut etdik ki, Azərbaycana gələn hər bir iş adamı, şirkət, vətəndaş burada azad, sərbəst, rahat işləyə və yaşaya bilər. Biz bu müqaviləni imzaladıq və sübut etdik ki, Azərbaycan xalqının milli mənafeləri üçün çalışırıq və ona görə də bu cür nailiyyətləri əldə etməyə qadirik”.

Millət vəkili əlavə edib ki, "Əsrin müqaviləsi" Azərbaycanın dövlətçilik tarixində mühüm hadisələrdən biridir: “O, faktiki olaraq dövlət quruculuğunun yeni mərhələyə qədəm qoymasını ifadə edən faktorlar sırasındadır. Bu prosesin geosiyasi aspektdə çox vacib cəhəti ondan ibarətdir ki, geosiyasi təbəddülatlara məruz qalan regionda sabitlik adası olan Azərbaycan müstəqil dövlət quruculuğunu beynəlxalq aləmdə nüfuzunu sürətlə yüksəltməklə inkişaf etdirir. Artıq ölkənin etibarlı tərəfdaş obrazı formalaşıb. Bütün bu deyilənlərin məntiqi nəticəsini ölkə başçısı nitqində çox lakonik və mükəmməl ifadə edib. Prezident İlham Əliyev vurğulayıb: "Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığın azaldılması istiqamətində çox önəmli addımlar atılıb və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur".