Gimnastımız çoxnövçülük yarışlarında ilk çıxışını uğurla təqdim edib

20 Sentyabr 2019 16:08 (UTC+04:00)

Bakı bədii gimnastika üzrə 37-ci dünya çempionatı davam edir. SİA-nın məlumatına görə, gimnastımız Zöhrə Ağamirova fərdi proqramda çoxnövçülük yarışlarında ilk çıxışını uğurla təqdim edib. Təmsilçimizin gürzlərlə çıxışı Milli Gimnastika Arenasında böyük coşqu ilə qarşılanıb və hakimlər tərəfindən 21,200 xalla qiymətləndirilib. Gimnastımız hazırda gürzlərlə yarışlarda ümumi sıralamada 1-ci pillədə qərarlaşıb.

Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparır. Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.