Çingiz Qənizadə: “Bu maddələrin sanksiyalarının artırılmasının da vaxtıdır” RƏY

20 Sentyabr 2019 14:59 (UTC+04:00)

“İllərdir ki, ölkəmiz erməni işğalçılarına qarşı müharibə şəraitində yaşayır. Müharibə deyəndə, ilk olaraq silah-sursat, döyüş, qan və ölüm yada düşür. Ancaq sən demə, ölkəmizdə bir "vətəndaş müharibəsi" də gedirmiş. Bu müharibə sosial şəbəkələrdə, virtual məkanda gedir”. Bu fikirləri Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun təşkilatçılığı ilə “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana “yox” deyək” adlı dəyirmi masada hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, "Facebook" və "Youtube"da ölkəmizdə sözün əsl mənasında bir "vətəndaş müharibəsi", soyuq, ideoloji müharibə gedir: “Buna misal olaraq, virtual dünya hesab edilən sosial şəbəkələrdə son dövrlərdə heç bir əxlaqi dəyərlərə sığmayan söyüş, təhqir və böhtan xarakterli çıxışları qeyd etmək istəyirəm. Xüsusilə də həmin çıxışlara münasibət bildirən və şərh yazan sosial şəbəkə istifadəçilərinin dilə gətirilməsi mümkün olmayan söyüş, təhqiramiz ifadələrini vurğulayardım”.

Deputat onu da bildirib ki, böhtan, təhqirə görə Cinayət Məcəlləsinin 147, 148 və 148.1 maddələri mövcuddur: “Lakin bu maddələr bu gün tətbiq edilmir. Bəlkə nəinki bu maddələrin tətbiqinə başlamalı, əksinə bu maddələrin sanksiyalarının artırılmasının da vaxtıdır”.