Dəmir yolunda hərəkətin təhlükəsizliyinə nəzarət gücləndirilir

20 Sentyabr 2019 14:45 (UTC+04:00)

Dəmir yolunun Gəncə-Böyük Kəsik istiqamətində yolların əsaslı təmir olunması bu xəttə daxil olan digər qurğu və mexanizmlərin, eləcə də ayrı-ayrı təsərrüfat sahələrinin yenidən qurulması zərurətini ortaya qoyub. Hazırda bu istiqamətdə əsaslı layihələr həyata keçirilir ki, bu da hərəkət sistemi ilə sırf əlaqəli olan təsərrüfat sahələrini əhatə edir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən SİA-ya verilən məlumata görə, avqust ayının 5-dən etibarən Gəncə-Böyük Kəsik istiqamətində 156 ədəd yoldəyişən qurğunun təzələnməsinə start verilib.

Məlumata görə, əvvəlkilərdən fərqli olaraq dəmir-beton tir və şpallar üzərində qurulan bu yoldəyişənlər hərəkətin təhlükəsizliyi və davamlılığı baxımından daha etibarlıdır. Qısa müddət ərzində 39 ədəd yoldəyişən qurğunu təzələməyə nail olan yol təsərrüfatı işçiləri bu gün Poylu stansiyasında 9 ədəd yeni qurğunun qoyuluşunu həyata keçirirlər. Eyni zamanda Dəllər stansiyasında da 10 ədəd yoldəyişənin təzələnməsi prosesi davam etdirilir. Dəmir yolunun daxili imkanları hesabına reallaşan bu işləri “Azərbaycan Dəmir Yolları” QSC-nin 5 və 11 saylı İxtisaslaşmış Dəmir Yolu Müəssisələrinin kollektivləri icra edirlər.