"Dövlətin sosial siyasəti daha inklüzivdir və daha çox insanı əhatə edir" ÖZƏL-MÜNASİBƏT

19 Sentyabr 2019 17:48 (UTC+04:00)

Ümumiyyətlə, Azərbaycanın ilk konstitusiyası qəbul olunanda onun maddələrinin üçdə ikisi sosialyönümlü maddələr idi. Bunu SİA-ya müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişli deyib.

Onun sözlərinə görə, Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan dövlət və dövlətçilik əsasən sosialyönümlü və insanların maddi mənafelərini daha çox yüksəldən və daha çox sosial qayğı ilə əhatə edən, insanların təhlükəsizliyini təmin edən və onların inkişafı üçün şərait yaradan bir dövlətçilik ənənələri tərənnüm edir.

“Cənab Prezidentin də atdığı addımlara baxdıqda o addımlar insanların sosial qayğısını artırmaq, infrastrukturu yeniləmək, insanların həyat şəraitini yaxşılaşdırmaq, insanlar üçün daha yaxşı həyat qurmaq kimi layihələri həyata keçirməkdir. Görürük ki, infrastruktur yenilənib, yollar çəkilib, qazlaşdırma artıb, su təminatı artıb və bunlar özləri də sosial layihələrdir. Çünki, insanların həyatını qazsız, susuz, elektriksiz, yolsuz təmin etmək qeyri-mümkündür. Digər tərəfdən insanların daha yaxşı təhsil almaları üçün 3 mindən çox məktəb yenidən quruldu, tikildi, təmir olundu. Azərbaycanın səhiyyə obyektləri, xəstəxanalar yenidən quruldu. Yəni, bütün bunlar insanların indidən gələcəyə doğru həyatlarını daha yaxşı, daha sağlam hazırlaması üçün vacibdir. Bütün bunlarla yanaşı insanların gəlirlərinin artırılması istiqamətində də xeyli işlər görülüb. Əmək pensiyaları artırılıb, əmək haqları artırılıb. Bütün bunlar hamısı keçən dövr ərzində Cənab Prezidentin atdığı addımların sosial və real nəticələridir. Bütün bunlarla yanaşı ölkədə ciddi islahatlar aparılır və bu islahatların da məqsədi neftin qiymətinin 2015-ci ildən bu vaxta kimi düşməsindən də sonra Azərbaycanın əvvəlki apardığı daha güclü sosial siyasəti yeni iqtisadi mənbələr hesabına möhkəmləndirməsidir. İndi biz buna nail oluruq artıq. Çünki, qeyri-neft sektoru inkişaf edir, verigi yığılmalarının 70 faizindən çoxu qeyri-neft sektorunun payına düşür və qeyri-neft sektorunun inkişafı Azərbaycana gələcəkdə daha dayanıqlı mənbələr hesabına güclü sosial siyasət aparmaq imkanı qazandırır. Biz bu islahatların nəticəsini gördük ki, son bir il ərzində sosial paket 4,ə milyondan çox insanı əhatə elədi. Bu o deməkdir ki, dövlətin sosial siyasəti daha inklüzivdir, daha çox insanı əhatə edir və ölkənin iqtisadi potensialının artması daha çox insanların həyat şəraitində özünü biruzə verəcəkdir”, deyə Tahir Mirkişli bildirib.