Xainin xofu və ya içi göynəyən soğanyeyən

19 Sentyabr 2019 16:39 (UTC+04:00)

Hərdən məni qınayanlar tapılır ki, özünü radikal müxalifət kimi təqdim etməyə çalışan Əli və onun kimilərdən çox yazıram. Hələ bəzi köhnə dostlar irəli gedib, bir vaxtlar Azərbaycanın müstəqilliyi naminə birgə olduğumuz (?) bu adama qarşı kəskin mövqe tutmaqda məni günahlandırmağa cəhd edənlər də tapılır. Səmimi deyirəm ki, heç mənim özüm də bu arxiv iyli siyasi meyit haqqında yazmaqda maraqlı deyiləm. Amma nə edəsən ki?! Nə edəsən ki, bəlkə də məhz özünü gündəmdən salmamaq xatirinə, ya da ağalarından aldığı milyonları kompensasiya eləmək naminə, hər gün bir anormal addımı ilə dürtülür medianın düz ortasına, elədikləri də birbaşa milli və dövlətçilik mənafelərinin əksinə! Ötən həftə ölkənin siyasi və ictimai qurumlarının taleyüklü milli məsələlərdə birgə fəaliyyət göstərmək istəklərini ortaya qoyub, birgə bəyanat qəbul elədilər. Amma nə Əli, nə də onun kimi anti-Azərbaycan qüvvələrin vassalına çevrilənlər bu milli birlik toplantısına da qatılmadılar və bəyanata da imza atmadılar. Ötən yazımda bu mövzuda düşüncələrimi oxucularla bölüşdüyümdən, təkrara yol verib vaxt almaq istəmirəm və keçirəm birbaşa mətləbin düz ortasına. Mətləbin ortasındakı zad da ibarətdir ondan ki, nədən ortaya çıxan hər bir yeni qüvvəni dərhal qaralayıb, üstünə gedir bu missioner? Bir vaxtlar yaxın ətrafında olan, eyni təşkilatda onunla birlikdə addımlayan siyasi fiqurlar, onun yanlış siyasi gedişləri ilə razılaşmayıb müstəqil fəaliyyətə keçən kimi, həmin siyasilərin üstünə hücum çəkərdi, xain, satqın damğası ilə az qalırdı onları milli xəyanətkar elan etsin. Sonra yeni yaranan hər bir quruma hücuma başladı ki, onu hakimiyyət bizə qarşı yaradıb (?). Ümumiyyətlə, kim onun siyasi gedişləri ilə razılaşmayıb, bir-iki kəlmə tənqid söyləyirsə, olur iqtidarın adamı. Sanki bu iqtidarın başqa işi-gücü yoxmuş, elə gecə-gündüz bu təhlükəli (?) müxalifətçiyə komprama hazırlamaqla məşğulmuş. Belədə bu uçurum başında olan məmləkəti bu iqtidar necə xilas etdi, onu necə bəşər tarixində misli olmayan bir sürətlə inkişaf etdirə bildi? Xülasə, bir vaxtlar Mirmahmud bəyə, Qüdrət bəyə, Fazil bəyə, Fərəc bəyə, Aqil Mahmudova, Ruslan Bəşirliyə, Razi Nurullayevə və neçə-neçə köhnə dostlarına qardaş deyən bu zavalsız, fikir ayrılığı yaranan kimi, həmin adamları az qala xalq düşməni elan etdi. Biz, bir qrup "azadlıq hərəkatçıları" bir yerə toplaşıb,birlik yaratmaq qərarına gələndə və bunu reallaşdıranda da, Əlinin və onun inhisarında olan "Azadlıq" qəzetinin şər-böhtanları ilə üz-üzə qaldıq. Hətta iş o yerə çatdı ki, bir vaxtlar bizlərin təsis etdiyi "Azadlıq" qəzetində Qənimətin əli ilə bizim "Azadlıq fədaisi" qəzeti təsis etməyimizi də hakimiyyətin sifarişi (???) kimi qələmə verməyə can atmaqla, qəzetin adını dəyişməyi bizə tövsiyə eləməyə də başladılar. Dediyim odur ki, yeni hər bir qüvvəni - istər siyasi olsun, istər də ictimai, fərq eləməz, dərhal hücuma məruz qoyub, onlara qarşı yarandığını iddia edir. Bu günlərdə sosial media üzərindən şahidi oldum ki, bu gədə indi də gənc vətənsevərlərin bir araya gələrək yaratdıqları "Gənc fədailər" hərəkatına hücuma keçiblər. Bilə - bilə ki, bu hərəkata başçılıq edən gənc milli azadlıq hərəkatında öndə gedən simalardan biri olan Qazaxlı Alikin oğludur, bunu da nəzərə almadan, bu gənc fəalı - VƏTƏN FƏDAİSİni də ona qarşı (bədnam Əliyə) hakimiyyətin yaratdığını iddia edir. Mən Fuad Muradovu, birmənalı dəstəkləmək fikrindən uzağam. Ola bilsin ki, Fuad bəyin də, onun fədai dostlarının da hardasa, hansısa səhvləri var. Ancaq bu əsas vermir ki, meydana atılan gənclərə qarşı belə hücumlar təşkil edilsin. Doğrudanmı milli birlik istəməyən, ölkəni xaosa sürükləməyə can atan bir-iki siyasi dələduza qarşı çıxmaq qəbahətdir? Nə istəyir axı bu gənclər? Milli və dövlətçilik mənafelərinə zidd addım atan hər kəsə qarşı çıxacaqlarını deyirlər. Bunun nəyi pisdir? Belə çıxır ki, Əli kimilər, məhz milli və dövlətçilik əleyhinə fəaliyyət göstərdiklərini gözəl bildiklərindən, bu gənclərin də onlara qarşı barışmaz olacaqlarını bəri başdan hesablayırlar və qabaqdangəlmişlik etmək istəyirlər. Bax, bu yerdə iki atalar sözü ilə yazımı tamamlamaq istərdim: "Soğan yeməyənin içi göynəməz!" ; "Xain xoflu olar". Vəssalam, şüt tamam!

Təhmasib Novruzov