"Ermənistan və onun havadarları narahatlıq keçirirlər" ÖZƏL-MÜNASİBƏT

19 Sentyabr 2019 16:36 (UTC+04:00)

"Azərbaycan dövləti inkişaf etdikcə Ermənistan və onun havadarları narahatlıq keçirirlər. Ölkəmizin iqtisadi inkişafı sürətləndikcə, ordu quruculuğu möhkəmləndikcə, Ermənistan höküməti təşviş içində olmaqla, son vaxtlar hökumətdən qopmalar baş verir. Ermənistanın baş naziri Paşinyanın sərsəm bəyanatları erməni xalqını daima təşvişdə saxlamaq məqsədilə siyasi şou yaradır". Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Deputatın sözlərinə görə, bu gün dünya ölkələri də başa düşür ki, Azərbaycanın qüdrətli ordusu, güclü iqtisadiyyatı və güclü lideri var: "Bütün bunlar imkan verir ki, Azərbaycan sülh yolu ilə Dağlıq Qarabağın azad olunmasına nə qədər səy göstərirsə də nəticə uzandıqca bu münasibətə digər yollarla müdaxilə vəziyyəti də var. Ermənistana havadarlıq edən ölkələr Ermənistanın ümumi vəziyyətini görərək müxtəlif vasitələrlə təsir etməyə çalışır, hətta üz döndərmək ehtimalını ortaya qoyurlar. Azərbaycan Rusiya münasibətərinin yüksək səviyyədə olması təbii ki Ermənistanı narahat edir. Dağlıq Qarabağ Erməniləri yaxşı bilirlər ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli və əbədi torpaqlarıdır. Gec-tez bu torpaqlara Azərbaycan özü nəzarət edəcək. Ermənistan siyasətçiləri və iqtisadçıları bəyan edirlər ki, Ermənistanın müharibə aparması üçün heç bir imkana malik deyillər yalnız siyasi populizm öndədir".