Naxçıvanda 19 mindən çox smart-kart tipli qaz sayğacı quraşdırılıb

19 Sentyabr 2019 15:34 (UTC+04:00)

Muxtar respublikada 19 min 469 smart-kart tipli qaz sayğacı quraşdırılıb və bu sahədə işlər davam etdirilir. Qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinin ixtisasartırma kursları təşkil olunub. Kursu bitirən müdavimlərə sertifikatlar verilib. SİA xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası “Naxçıvanqaz” İstehsalat Birliyində payız-qış mövsümünə hazırlıqla bağlı keçirilən iclasda səsləndirilib.

Tədbirdə çıxış edən birliyin direktoru Ramin İsmayılov deyib ki, muxtar respublikada payız-qış mövsümündə davamlı və dayanıqlı təbii qazla təminat üçün qaz təchizatı sistemində texniki baxış tədbirləri davam etdirilir, təbii qaz nəqlinin soyuq hava şəraitinə uyğun texnoloji rejimdə həyata keçirilməsi üçün tədbirlər görülür.

Ramin İsmayılov vurğulayıb ki, yerlərdə istismara yararsız vəziyyətə düşmüş qaz xətlərinin və avadanlıqların müəyyən edilərək yenilənməsinə, sayğacdankənar istifadə hallarının qarşısının alınmasına nəzarət artırılır.

Diqqətə çatdırılıb ki, “Naxçıvanqaz” İstehsalat Birliyi qazpaylayıcı stansiya və məntəqələrdə qaz nəqli proseslərinin kənardan idarə edilməsi və operativ nəzarət üzrə informasiya-ölçü qeydiyyat sisteminin fəaliyyətini günün tələbləri səviyyəsində qurub. Cari ilin 8 ayında əhali qrupundan olan abonentlərin mexaniki qaz sayğaclarının kənar müdaxilələrdən qorunması üçün 7217 mühafizə qutusu quraşdırılıb.

“Avtomat qazpaylayıcı stansiyalarda avadanlıqlara texniki xidmət işləri qrafik üzrə müəyyən olunan vaxtlarda aparılıb. Təbii qazın mexaniki qarışıqlardan təmizlənməsi üçün tətbiq olunan bütün texnoloji avadanlıqlara zəruri texniki xidmət göstərilib, sıradan çıxan hissələr yenisi ilə əvəz olunub”, – deyən birliyin direktoru vurğulayıb ki, qəza hallarının aradan qaldırılmasında operativliyin təmin edilməsinə, yeni qaz xətləri çəkilərkən və bərpa olunarkən mövcud standartların tələblərinin gözlənilməsinə diqqət artırılmalıdır. Yaradılmış mal və material ehtiyatlarından səmərəli istifadə olunmalı, işlənən materialların yerinə yeniləri alınıb gətirilməli, ehtiyat yaradılmalı və işçilər qış mövsümünə uyğun xüsusi geyim və avadanlıqlarla təmin edilməlidir.