İsa Qəmbər ofsaytda qalacaq? İTTİHAM VƏ İDDİALAR

19 Sentyabr 2019 15:18 (UTC+04:00)

Müsavatın növbəti qurultayı qalmaqallar və qarşıdurmalar vəd edir

Müsavat partiyasının qurultayına günlər qalmasına baxmayaraq, istər sosial şəbəkələrdə, istərsə də siyasi teatr tamaşasının kulisi arxasında və kuluarlarında başqanlıq postu uğrunda müxtəlif ziddiyyətli polemikalar, iddialar, proqnozlar irəli sürülməkdədir. Bu mənada, artıq adıçəkilən siyasi təşkilatda hərarət artır, hətta çərçivədən də çıxmağa başlayır. Xüsusilə, başqanlığa namizədlər öz iddialarını irəli sürərkən, artıq sətiraltı və ya açıq şəkildə hazırkı başqan Arif Hacılının idarəçiliyinə qarşı olduqlarını gizlətmirlər.

Yadigar Sadıqlı sərt danışdı...

Məsələn, başqan müavini və başqanlığa namizəd olacağını elan etmiş Y.Sadıqlı bildirib ki, partiyanın son 5 ildə idarə olunmasını qənaətbəxş hesab etmir və bunu Müsavatın reytinqinin zəifləməsində də müşahidə etmək olar. “Hesab edirəm ki, mənim başqan seçilməyim təkcə Müsavatda deyil, ümumilikdə demokratik düşərgədə ab-havanı kökündən dəyişər, yeni qüvvələrin axınına xidmət edər”, - deyə o bildirib.

Y.Sadıqlının təkcə bu fikirlərindən A.Hacılıya qarşı bir neçə ittiham çıxarmaq mümkündür. Birincisi, Müsavatda demokratik ab-hava yoxdur, ikincisi, partiya sıraları nəinki artmır, əksinə azalmalar müşahidə olunur, üçüncüsü isə, heç bir siyasi qüvvə Müsavata aparıcı siyasi təşkilat kimi baxmır, əməkdaşlıq və s. məsələləri demək olar ki, yox səviyyəsindədir.

Lakin daha bir diqqət çəkən məsələ Y.Sadıqlının ittihamlarının bir ucunun sabiq başqan İsa Qəmbərə qədər gedib-çıxmasıdır. Çünki hələ də unudulmayıb ki, partiyanın 2014-cü ildəki səsli-küylü istefalarla nəticələnmiş qurultayında hazırkı başqan A.Hacılının mövqeyinə məhz İ.Qəmbər səsvermədəki saxtakarlıqlara göz yumub, açıq dəstək göstərmişdi. Yəni Müsavatın hazırkı halına baiskar olan yalnız A.Hacılı deyil, eyni zamanda İ.Qəmbərdir ki, onu bu postda otuzdurub.

Tofiq Yaqublu bu dəfə keçməyəcək...

O da əbəs deyil ki, A.Hacılıya qarşı çıxan yalnız Y.Sadıqlı deyil, elə digər başqanlığa namizəd Tofiq Yaqubludur. Onun bu gün digər müsavatçılardan və rəhbərliyindən fərqli olaraq, AXCP sədri Əli Kərimlinin nəzarətində olan “Milli Şura”da koordinasiya mərkəzində təmsil olunması əlbəttə ki, A.Hacılını və qruplaşmasını qəzəbləndirir. Əbəs deyil ki, Müsavatın Divan toplantılarında T.Yaqubluya dəfələrlə xəbərdarlıqlar olunub, onun “Milli Şura”dakı təmsilçiyini tənqid atəşinə tutulub. Ona görə də, T.Yaqublu öz növbəsində deyib ki, əgər A.Hacılı ilə yüzdə-yüz eyni düşünsəydi, heç namizəd də olmazdı. “Amma nəyi, necə düzəltmək istəyirəm, bax, onu qurultayda bəyan edəcəyəm”, deyən Yqaublu demək olar ki, Hacılıya və ona dəstək verəcək qruplara meydan oxuyub. Bu isə əlbəttə ki, Müsavatın növbəti qurultayının kəskin savaşlarla müşahidə ediləcəyindən kifayət qədər xəbər verən reallıqdır.

Müsavat savaş burulğanından çıxa bilməyəcək

Yeri gəlmişkən, hələ 2014-cü ildəki 8-ci qurultaydan sonra Müsavatda eyni hallar yaşandı və istefa verənlərdən biri də Ağ Partiyanın sədri Tural Abbaslı oldu. Baxmayaraq ki, o uzun illər Müsavatın gənclər qolunun başqanı olub, İsa Qəmbərə sədaqəti ilə seçilib, hətta son vaxtlarında Divan üzvü kimi də fəaliyyət göstərib, Abbaslıya qarşı edilən haqsızlıqlar nəticə etibarı ilə onun partiyadan istefası ilə başa çatıb. “Müsavatdan qopmalar və azad edilmələr başladı. Partiyanın bir sıra tanınmış üzvləri partiyadan istefa verdilər, bəziləri isə Müsavat Divanı tərəfindən xaric edildilər”, sabiq müsavatçı funksioner bildirib.

Daha bir sabiq müsavatçı – ötən qurltaydan sonra Hikmət Hacızadə də istefa vermişdi. Həmin istefadan bir cümləni xatırladıram: “Yazıb sizə bildirirəm ki, partiyamızda söz azadlığının kobud və birtərəfli pozulmasına və fərqli fikrə düzümsüzlük kampaniyasına etiraz olaraq Müsavat partiyasının üzvlüyündən istefa verirəm”

Bu gün isə, o deyir ki, o nəinki A.Hacılının başqan olmasını, heç İ.Qəmbərin başqan olmasını istəmir: “Gərək hansısa ciddi addımlar atılsın ki, partiya yavaş-yavaş əvvəlki nüfuzunu, gücünü bərpa edə bilsin. Digər tərəfdən isə mən İsa Qəmbərin yenidən başqan qayıtmasını təqdirəlayiq saymaram. Çünki belə bir addımın atılması Putinlə Medvedyevin bir-birini əvəz etməsinə bənzəyər".

Beləliklə, Müsavatı növbəti dəfə kəskin və qarşısıalınmaz savaşların gözlədiyini artıq əminliklə söyləmək olar.

Rövşən RƏSULOV