Ermənistan Araz çayını çirkləndirir

19 Sentyabr 2019 12:32 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə sentyabrda növbəti monitorinq həyata keçirib. Araşdırmalara görə, sentyabrın birinci ongünlüyündə Kür çayında suyun sərfi avqustun 3-cü ongünlüyünə nisbətən saniyədə 31 kubmetr artaraq 133 kubmetr təşkil edib. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisi Gülnarə Abbasova deyib.

Mütəxəssis bildirib ki, monitorinqin nəticələrinə əsasən Kür və Araz çaylarının yuxarı axınında yerləşən Gürcüstan və Ermənistanın ərazilərindən bu su obyektlərinə lazımi təmizlənmə aparılmadan əksər hallarda isə birbaşa axıdılan məişət və sənaye mənşəli çirkab suların təsiri nəticəsində çaylarda bəzi zərərli maddələrin miqdarı sanitar-ekoloji normadan artıq olması müşahidə olunub: “Sərhəddən keçdikdən sonra Kür çayının Şıxlı-2 məntəqəsində, Ağstafaçayda, Ağstafa su anbarında, Araz çayının Horadiz, Bəhramtəpə və I Şahsevən məntəqələrində spesifik çirkləndiricilərin miqdarının normadan çox olması müəyyənləşdirilib. Suyun oksigen rejimi bütün məntəqələrdə 4,9 -6,90 milliqram/litr arasında dəyişib.

Sentyabrın birinci ongünlüyündə aparılan monitorinqlərin fiziki-kimyəvi analiz nəticələrinə görə suyun tərkibində fenolların miqdarı aşağıdakı məntəqələr üzrə Kür çayı üzrə Şıxlı-2 məntəqəsində 1,2 və Ağstafa su anbarının Qazax rayonunun Musaköy kəndindən keçən hissəsində 1,2, Ağstafaçayın Qazax şəhərindən keçən hissəsində isə 1,8 dəfə normanı keçib. Araz çayı üzrə Horadiz, Bəhramtəpə və I Şahsevən məntəqələrində isə fenolların miqdarı normadan 1,9-2,5 dəfə çox olub. Biogen maddələrin isə yol verilən qatılıq həddini (YVQH) keçdiyi qeydə alınmayıb.