BMT-nin Təhlükəsizlik Şurası Liviyada baş verən son hadisələri müzakirə edib. SİA-nın xəbərinə görə, BMT-nin Təhlükəsizlik Şurasının qapalı iclasında, Şuranın 15 üzvünün qəbul etdiyi bəyanatda Liviya hökumətindən zorakılığa son qoyulması, insan haqlarına və beynəlxalq humanitar hüquq normalarına hörmət etməsi tələb olunur. Şura Liviya hakimiyyətini bu ölkədən çıxmaq istəyən bütün əcnəbi vətəndaşlara şərait yaratmağa çağırıb.
Eyni zamanda Livanda baş verən hadisələrə sərt təpki Ağ Evdən gəlib. Ağ Ev-in mətbuat katibi Cey Karney: " Biz Liviya hakimiyyətini dinc nümayişçilərə qarşı zorakılıq tətbiq edilməsini dayandırmağa və vətəndaşların fundamental hüquqlarına hörmətlə yanaşmağa çağırırıq. Bildirmək istəyirəm ki, ABŞ Dövlət katibi Hillari Klinton bu barədə öz mövqeyini bildirəcək", - deyə söyləyib.
Birləşmiş Krallığının Xarici İşlər Naziri Uilliam Heyq isə: "Liviya hökuməti çalışır ki, dünya bu ölkədə baş verənləri görməsin. Biz onların hərəkətlərinə görə cavab vermələri üçün əlimizdən gələni edəcəyik", - deyə bildirib.
Həmçinin İtaliyanın Baş naziri Silvio Berluskoni Qəddafi ilə telefonla danışıb. Telefon danışığı zamanı Liviyada baş verən son hadisələr müzakirə olunub. Məlumata görə, Berluskoni Qədaffiyə ölkə daxilində baş verən hadisələri sülh yolu həll etməyə çağırıb.