İsveçrə portalı Gəncə haqqında məqalə yayıb

18 Sentyabr 2019 22:19 (UTC+04:00)

İsveçrənin “www.zeitung.ch” portalında “Gəncə - Azərbaycanın qədim mədəniyyət xəzinəsi” sərlövhəli məqalə yerləşdirilib. AZƏRTAC xəbər verir ki, məqalədə Gəncə şəhərinin Azərbaycan tarixində böyük yerə malik olması diqqətə çatdırılıb. Qeyd edilib ki, müxtəlif mənbələrdə şəhərin tarixi barədə fərqli məlumatlar olsa da, aparılmış ən yeni tədqiqatlar nəticəsində şəhərin yaşının dörd min ilə çatdığı müəyyənləşdirilib.

Məqalədə vurğulanır ki, Gəncə orta əsrlərdə mühüm ticarət mərkəzi olub. Qədim İpək Yolu üzərində yerləşən bu şəhər əsrlərboyu əsas karvan yollarının qovuşduğu, ticarətin inkişaf etdiyi məkan kimi tanınırdı və öz ipəyi ilə bütün Yaxın Şərqdə məşhur idi. Ticarətlə yanaşı, burada elm və mədəniyyətin yüksək inkişafını diqqətə çatdıran müəllif Gəncədə dövrünün görkəmli şəxsiyyətləri olmuş Nizami Gəncəvi və Məhsəti Gəncəvinin yaşayıb-yaratdığını qeyd edib.

Məqalədə bildirilir ki, Gəncə şəhəri 1918-ci ildə qurulmuş Xalq Cümhuriyyətinin ilk paytaxtı kimi də Azərbaycan tarixində önəmli yer tutur. Gəncə öz qədim tarixi ilə yanaşı, müasirliyi ilə də diqqəti cəlb edir. 2016-cı ildə bu şəhər Avropanın Gənclər Paytaxtı seçilib, burada müasir infrastruktur yaradılıb. Müəllif Gəncə şəhəri və onun yerləşdiyi regionun görməli yerləri, tarixi abidələri və mətbəxi barədə də məlumat verir.