Nəsrdə yeni nəfəs

18 Avqust 2019 15:53 (UTC+04:00)

Mən həmişə kitab satılan yerlərdə dayanar, bəzi kitabları vərəqləyər, bəyəndiyim kitablardan alaram.Bu dəfə də eynən olduğu kimi kitablara baxarkən, diqqətimi cəlb edən bir ad oldu. Ədəbiyyatda Camal Zeynaloğlu imzası məni maraqlandırdı. Əslində Camal adı indiyə qədər oxuculara tanış idi, lakin soyad müəyyən qədər düşünməyə sövq edirdi. Mənə elə gəldi ki, müəllif soyadını “Zeynallı” götürsəydi... Deməli, Camal Zeynallı imzası birbaşa yaddaşa həkk olunan bir imza olardı. Bütün bu düşündüklərim bir anın içində baş vermişdi, yazıçının əsərləri isə mənə baxırdı. İş qalırdı əsərlə oxucu arasında münasibətə...

Mən Camal Zeynaloğlunun altı kitabına rast gəlsəm də, onun bir kitabını aldım ki, bu kitab hekayələr və esselər toplanmış kitab idi. "Gecikmiş sevgi” adlı bu kitab 2014-cü ildə “Ünsiyyət” nəşriyyatında çap olunmuşdur. Kitabın redaktoru fəlsəfə elmləri namizədi Həqiqət Kərimova “Ön söz”də yazır: "Camalı öz dövrünün ziyalılarından fərqləndirən əsas cəhət kamilliyə can atmağı, Allaha qəlbən bağlılığı, sadəliyidir. Məni isə başqa cəhət maraqlandırırdı: “Görəsən bu yazıçı öz sələflərindən hansı cəhətinə görə seçiləcək?”
Kitab əlimdə idi. Adətim üzrə onu vərəqləməli,tanış olmalıydım. İlk hekayə olan “Gecikmiş sevgi”ni mən aftobusda gözucu oxudum və dayanacaqlara fikir verə-verə (yerim də rahat idi) 4-5 vərəqlik hekayəmi oxuyaraq başa çatdım. Sonra üçüncü hekayə olan “Qızıl külqabı”nı oxudum.

Bir müddət oxuduğum hekayələr məndən əl çəkmirdi. Və düşündüm ki,həmin yerdə qalan, almadıgım 5 kitabı da almalıyam. Onlar “Baş tutmayan intihar” (2015), ”Snayperçi qız” (2017), “Qəfil döyülən qapı” (2015), “Cəsur kəşfiyyatçı, igid partizan” (2016) və bir pedaqoji təcrübələr toplanmış kitab idi.

C.Zeynaloğlunun yaradıcılığında məni valeh edən nə idi? Birincisi onun dilinin oxucunu öz ardıca aparması-desəm, yanılmaram. Açığını deyim ki, son dövrlərdə yaxşı kitabla pis kitabı fərqləndirmək böyük bir iş olmuşdur. Təsəvvür etsək ki, bir bəstəkar mahnı yazır-sözü də özünə aiddir, oxumağı da özü ifa edir-onda adam dəli olmaq həddinə yüksəlir... Bu o zaman ola bilər ki, bir-iki adam dahi ola bilər, ancaq bu həddini aşanda mənim dediyim məsələ yada düşür. Bu mənim yadıma ona görə düşdü ki,söz yaradıcılığı bütün məsələlərin önündə gəlir. Bəzən nəsrlə şerin müqayisəsini düşünəndə, adam belə qənaətə gəlir ki,nəsrin elə nümayəndələri vardır ki, məsələn, Mirzə Cəlil... Onun yaradıcılığı poeziyadan daha oxunaqlıdır. Bu bir sirdir ki onu izah etmək tədqiqat tələb edir. Qayıdaq yenə Camal Zeynaloğlu nəsrinə. Camalın əsərlərini oxuyanda
zamanın yükü çiyinlərə ağırlıq salmır. Yazıçının aləmi, müşahidələri, o qədər zəngin, dərin qatlardan ibarətdir ki, müəllif uzun illərin müşahidələrini sanki bircə-bircə dəstələyib saxlayıbmış və öz təravəti, gözəlliyi ilə oxucuya təqdim edir. Camalın hansı hekayəsini, hansı essesini,oxudumsa, yarıda kəsə bilmədim,onu birnəfəsə oxudum,dediyim kimi ruhum təzələndi.

“Qızıl külqabı” hekəyəsi yaşlı nəslin və gənc nəslin qarşılığı fonunda əxlaqi-tərbiyəvi cəhətləri milliliyimiz çərçivəsində ehtiva edən bir detal əsasında göstərilir. Əsərdə professor Tariyel müəllim müharibə görmüş, gözəl yoldaşlarını daim ehtiramla yad edən bir müəllim, onun tələbəsi isə ədəb-ərkanı ilə professorun hörmətini qazanan,diqqətini cəlb edən layiqli yeniyetmədir. Təsadüfən söhbət əsnasında Adil öz müəllimi olan Tariel müəllimin əsgər yoldaşının oglu imiş. Tariyel müəllim Adili evinə dəvət edir, lakin belə bir söz deyir: "Atan ən layiqli əsgər idi,mən inaniram ki,sən onun yolunu davam edəcəksən”.

Göründüyü kimi professor insanın öz qabiliyyəti ilə irəli getməsini istəyir.

C.Zeynaloğlunun esselərinə diqqət etdim. Mənə elə gəldi ki, bu esselər nəsr nümunəsi yox, şeir nümunələridir. Burada C.Zeynaloğlunun yazıçı kimi daxili dünyası özünü göstərir. Həm də Camalın əxlaqi dünyası da öz yazılarında günəş şüası kimi bərq vurur. Yazıçı həyatda nadanları bağışlamır, riyakarları, məddahları, torpağına, Vətəninə, soy kökünə xəyanət edənlərə nifrət edir və Allahdan dözüm, güc istəyir. Yazıçı yazır: “Sənin yaratdığın bəndələrin hansı oyunlardan çıxdığını Sən bizdən yaxşı görürsən, İlahi! Çünki Sən hər şeyi görən və bilənsən. İndi mən bu insan cildinə girmiş şeytanlardan qaçıb harada gizlənim?”.

Camal ixtisasca ingilis dili müəllimi, həm də psixoloq-müəllimdir. Onun yaradıcılığında obrazlar öz daxili duyğu və düşüncəsi ilə təqdim olunur. Bəlkə ona görədir ki, Camalın heçbir yazısı ağır oxunmur, yarıda dayandırılmır. Məncə bunu əsas səbəbi bir yazıçı kimi “bitkin yazı dilinin”məharətli sahibi C.Zeynaloglu adına mənsubluğudur. Mən C.Zeynalogluna daha böyük uğurlar diləyirəm.

Ələddin Eyvazov, AYB-nin üzvü