UNEC-in I kurs tələbələri ilə fakültələrdə görüşlərə start verilib

18 Sentyabr 2019 12:24 (UTC+04:00)

Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) yeni qəbul olan tələbələrlə dekanların görüşlərinə start verilib. UNEC-dən SİA-ya bildirilib ki, Beynəlxalq İqtisad Məktəbinin (İSE) birinci kurs tələbələri ilə görüşdə tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova, İSE-nin direktoru Aqil Əzizov və fakültənin tyutorları iştirak ediblər.

UNEC tələbəsi adını qazanmaları münasibətilə birinci kursları təbrik edən Səadət Qəndilova Beynəlxalq İqtisadiyyat Məktəbinin üstünlüklərindən söz açıb. O, İSE-nin ölkənin ingilis dilində iqtisadyönümlü ixtisaslar üzrə ən zəngin və rəqabətsiz fakültəsi olduğunu vurğulayıb. Fakültəyə yüksək bal toplayaraq qəbul olan 180 tələbədən 21 nəfərin Prezident təqaüdçüsü olduğunu bildirən prorektor bununla qürur duyduğunu ifadə edib.

Görüşdə Aqil Əzizov tələbələrə tədris prosesi, imtahan sessiyası, mübadilə və ikili diplom proqramları barədə ətraflı məlumat verib. Beynəlxalq İqtisadiyyat Məktəbinin direktor müavini, dosent İnara Rzayeva isə kredit sistemi, kollokvium, məşğələ-mühazirələrin keçirilmə qaydalarını izah edib.

Sonda tələbələrin sualları cavablandırılıb.