Bakıda Əfqanıstanın müstəqilliyinin 100-cü ildönümü qeyd edilib

17 Sentyabr 2019 20:04 (UTC+04:00)

Bu gün Bakıda Əfqanıstanın müstəqilliyinin 100-cü ildönümü münasibətilə qəbul təşkil olunub. Qəbulda əvvəlcə Azərbaycanın və Əfqanıstanın dövlət himnləri səslənib. Tədbirdə çıxış edən bu ölkənin Azərbaycandakı səfiri Xeyrullah Spelenayı Əfqanıstan-Azərbaycan münasibətlərinin inkişafından danışıb.

Xeyrullah Spelenayı Azərbaycanın hər zaman Əfqanıstanı bütün sahələrdə dəstəklədiyini deyərək, buna görə hökuməti və xalqı adından Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Əfqanıstan-Azərbaycan Birgə İşçi Qrupunun iqtisadi və ticarət əməkdaşlığını təşviq etmək və genişləndirmək üçün ilk iclasının Bakıda keçirildiyini deyən diplomat, iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığının təşviqi və genişləndirilməsi ilə bağlı protokol imzalandığını da xatırladıb.

Onun sözlərinə görə, bu ilin birinci yarısında ölkələrimiz arasında ticarət 56 milyon dollarından çox olub. Səfir bildirib ki, Əfqanıstan Ticarət və Sənaye Nazirliyi Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə birlikdə bu il oktyabrın 11-dən 14-dək Bakıda Əfqanıstan məhsullarının sərgisini keçirməyi planlaşdırır.

Bu ilin oktyabr ayında Qoşulmama Hərəkatı Təşkilatının Zirvə toplantısının Bakıda keçiriləcəyini deyən səfir əlavə edib ki, Əfqanıstan Respublikasının Prezidenti və Xarici İşlər naziri bu görüşdə iştirak etmək niyyətindədirlər.

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə çıxışında, əlamətdar gün münasibətilə əfqan xalqını Azərbaycan hökuməti adından təbrik edib. O bildirib ki, iki ölkə arasında əlaqələr tarixi köklərə malikdir, hər iki xalqı tarix və mədəniyyət birləşdirir. Müxtəlif sahələrdə əlaqələrimiz sürətlə inkişaf edir. Azərbaycanda keçirilən “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransı ölkələrimiz arasında münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin inkişafına xüsusi təkan verib. Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları və səfirlər iştirak ediblər.