Tofiq Yaqublunun Müsavatdan gedəcəyi dəqiqdir MÜXALİFƏT

17 Sentyabr 2019 13:33 (UTC+04:00)

Yaxud, onun “tutar qatıq”, tutmaz ayran” prinsipi

Məlum olduğu kimi, Müsavat partiyası oktyabrda növbəti qurultayını keçirmək qərarını verib və tədbirinin keçirilməsinə görə BŞİH-yə yerin ayrılması üçün məktub da ünvanlayıb. Lakin bu günlərdə daha bir məsələ diqqətdən yayınmayıb – Müsavatın başqan müavini T.Yaqublunun başqanlıq postuna iddiası. Daha dəqiq desək, Müsavat funksionerinin təmsil olunduğu partiyasının “Milli Şura”dan imtina etməsinə baxmayaraq, həmin qurumun koordinasiya mərkəzinə üzvlüyü, yaxud T.Yaqublunun başqanı Arif Hacılıdan daha çox AXCP sədri Əli Kərimli ilə yaxınlıq etməsi reallığı yenidən gündəmə gəlib.

Tofiq Yaqublunun tərəfləri barışdırıb-bir araya gətirmək cəhdləri də puç olmuşdu

Hələ 2013-cü ildə Müsavat partiyasının o zamankı başqanı İsa Qəmbərin “Milli Şura”nı və xüsusilə Əli Kərimli-Cəmil Həsənli cütlüyünü xarici qüvvələrlə iş birliyində ittiham edib, oranı səsli-küylü şəkildə tərk etməsindən sonra T.Yaqublunun bu qurumda qalması müsavatçıların kəskin hiddətinə səbəb olmuşdu. Hətta həbsdən çıxdıqdan sonra T.Yaqublunun tərəfləri barışdırıb-bir araya gətirmək cəhdləri də puç olmuşdu. Lakin bütün bunlara baxmayaraq, Yaqublu bu gün də “Milli Şura”da qalır, özünü müsavatçıdan daha çox AXCP üzvü kimi aparır, üstəlik bu qurumun əsas mərkəzində dayanır.

Bütün bunlar baş verərkən, T.Yaqublunun qurultayda başqanlığını irəli sürəcəyi ilə bağlı verdiyi qərarı vəziyyətin yenidən kəskinləşməsinə səbəb olub. Onun sosial şəbəkədə gözdən pərdə asmağa yönəlmiş uzun-uzadı bəytərifinin ardınca “son günlər bir xeyli götür-qoy etdikdən sonra, nəhayət partiya başqanlığına namizədliyimi irəli sürməyə qərar verdim”, tipli status paylaşması artıq məsələnin nədən getdiyindən xəbər verir.

Yadigar Saqıdlı Arif Hacılı və İsa Qəmbərlə Tofiq Yaqublunun namizədliyinə qarşı plan qurub

Yeri gəlmişkən, Müsavatın başqanı Arif Hacılı ilə Yadigar Sadıqlı da öz namizədliklərini irəli sürüblər və əsasən, Y.Sadıqlının öz namizədliyini irəli sürməsi məsələnin birbaşa A.Hacılı və sabiq başqan İ.Qəmbərlə razılaşdırıldığı barədə informasiyalar var. Yəni məqsəd, T.Yaqublunun namizədliyinə qarşı səs çoxluğu qazanmaqdır ki, artıq həmin plan cızılıb. Çünki o da sirr deyil ki, Y.Sadıqlı A.Hacılı qruplaşmasının əsas təmsilçilərindən biridir və hər zaman, elə ötən qurultayda da Hacılının başqanlığı üçün müəyyən işlər aparmşdı.

Beləliklə, T.Yaqublunun başqanlığa namizədliyini irəli sürməsi onun digər maraqlarından da xəbər verir. Misal üçün, o “tutar qatıq, tutmaz ayran” prinsipi ilə çıxış edərək, əslində düşünür ki, Müsavata başqan seçilməzsə, AXCP-nin qapısı onun üzünə açıq olacaq. Hətta T.Yaqublunun müsavatçı olmasına rəğmən, onun “Milli Şura”nın yuxarı eşalonunda təmsil olunması başqan seçilməyəcəyi halda AXCP-nin sədr müavini postunu tutacağı amilindən də xəbər verə bilər.

Əli Kərimli Tofiq Yaqubluya hansı vədləri verib?

Çox yəqin ki, AXCP sədri Ə.Kərimli ona həmin vədi verib. Bu baxımdan, həm də belə hesab etmək mümkündür ki, T.Yaqublu cibində Müsavat partbiletini gəzdirsə də, başında AXCP-nin vəsiqəsini daşıyır. Artıq bu reallıq kifayət qədər göz önündədir. Hətta belə demək mümkündürsə, Müsavatın qurultayı ərəfəsində və qurultaydan sonra biz daha gərgin hadisələrin şahidlərinə çevriləcəyik. Belə ki, onsuz da münasibətlərində düşmənçilik mövqeyi sərgiləyən AXCP və Müsavat arasında ziddiyyətlər artacaq. T.Yaqubu müsavatı şinelindən çıxıb, kərimovçu şinelini geyinib, müsavatçılara qarşı cəbhə açacaq. Bu ehtimallar isə artıq özünü kifayət qədər göstərməkdədir. Ən azından, onun başqanlığa namizədliyini irəli sürməsi kontekstində...

Rövşən NURƏDDİNOĞLU