"Yaxşılıq unudulmur" layihəsi ilə bağlı konfrans - FOTOLAR

17 Sentyabr 2019 11:21 (UTC+04:00)

Bakıda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən "Yaxşılıq unudulmur" adlı layihə ilə bağlı konfrans keçirilib. SİA-nın məlumatına görə, layihənin həyata keçirilməsində məqsəd hər zaman mənəvi keyfiyyətləri ilə seçilən Azərbaycan xalqının yüksək dəyərlərinin təbliğidir.

Açılış nitqi ilə çıxış edən Mənəvi Dəyərlər Fondunun icraçı direktoru Mehman İsmayılov layihənin əhəmiyyətindən danışaraq qeyd edib ki, yaxşılıq yüksək keyfiyyətlərdən biri olmaqla yanaşı, insanlararası münasibətlərin təməlində dayanan prinsiplərdəndir: "Keçmişdə olduğu kimi bu gün də belə dəyərlərin yaşadılması və gələcək nəsillərə çatdırılması öz aktuallığını qoruyub saxlayır. Layihənin əsas məqsədi yardımlaşma və xeyriyyəçilik ənənələrinin gənclər arasında geniş təbliği, bu dəyərləri yaşadan insanların tanıdılmasıdır. Yaxşılıq əməlləri ilə seçilən insanları bir araya toplamaq, eyni zamanda belə addımların arealının genişləndirilməsi üçün Mənəvi Dəyərlər Fondu tərəfindən bu qəbildən olan layihələr növbəti illərdə də həyata keçiriləcəkdir".

Daha sonra çıxış edənlər Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin direktoru Rəvan Həsənov, tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlova və Bakı İslam Universitetinin Dinşünaslıq fakültəsi "İctimai fənlər" kafedrasının müdiri Elvin Talışınski də "Yaxşılıq unudulmur" layihəsi çərçivəsində keçirilən tədbirin əhəmiyyətlərini vurğulayıblar.

Tədbirdə "Xeyriyyəçilik ənənələrimiz" adlı videoçarxın təqdimatı da olub. Sonda "Yaxşılıq unudulmur" layihəsində yaxından iştirak etmiş şəxslər mükafatlandırılıb.