Ağstafa rayonu, Köhnəqışlaq kəndi ərazisində 3 ədəd mərmi tapılıb

17 Sentyabr 2019 07:50 (UTC+04:00)

Sentyabrın 16-da Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, Köhnəqışlaq kəndi ərazisində 3 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

SİA ANAMA-ya istinadən bildirir ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 3 ədəd top mərmisi (2 ədəd 100 mm-lik OF-412 və 1 ədəd 85 mm-lik BK-367M) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin ətrafında 150 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.