Şahin Mustafayev Azərbaycan-Türkiyə biznes forumunda çıxış edib (TAM MƏTN)

16 Sentyabr 2019 22:23 (UTC+04:00)

Hörmətli cənab Fuat Oktay!

Hörmətli xanımlar və cənablar! Əziz dostlar!
Azərbaycan-Türkiyə biznes forumunda hər birinizi salamlamaqdan böyük məmnuniyyət hissi duyuram.
Bu günədək iki ölkə arasında yüzlərlə işgüzar tədbir təşkil edilmişdir. Sözügedən amil, eləcə də bu günkü biznes forumda sənaye, səhiyyə, enerji, tikinti, kənd təsərrüfatı, təhsil, ticarət, tekstil, ətraf mühitin mühafizəsi, mədənçilik, maliyyə, bankçılıq və digər sahələrdə hər iki tərəfdən _ iş adamının iştirak etməsi Azərbaycanın və Türkiyənin özəl sektoru arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə olan marağı bir daha nümayiş etdirir.
Qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri ötən dövrdə yüksələn xətlə inkişaf etmiş və bu gün ən yüksək zirvəsinə çatmışdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin iki ölkə arasındakı münasibətlərə yüksək qiymət verərək müəyyənləşdirdiyi “Bir millət, iki dövlət” prinsipi əlaqələrimizin genişlənməsində möhkəm təməl rolunu oynamışdır.
Əminliklə demək mümkündür ki, dövlət başçılarımızın səmimi dostluq münasibətləri və verdikləri tapşırıqlar Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşdirilməsini şərtləndirən əsas amillərdir.
Hər iki ölkədə Prezident seçkilərindən sonra dövlət başçısı səviyyəsində ilk səfərlərin qarşılıqlı olaraq həyata keçirilməsi ənənəsi onu göstərir ki, bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir, ən yaxın müttəfiqlər və qardaş dövlətlərdir. Dünyada ikinci belə ölkələr tapılmaz ki, bir-birinə bu qədər yaxın olsun. Həm etnik köklər, din və mədəniyyət, həm də ortaq maraqlar baxımından biz daim bir-birimizin yanındayıq.
Qeyd etməliyəm ki, əməkdaşlığımızın möhkəm müqavilə-hüquq bazası yaradılmış, investisiyaların təşviqi və qarşılıqlı qorunması, ikiqat vergitutmanın aradan qaldırılması kimi mühüm sənədlər imzalanmışdır.
İqtisadi əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsində Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyası səmərəli platformadır. İnanıram ki, Komissiyanın Bakıda keçirilən 8-ci iclas zamanı müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan Fəaliyyət Planının qəbulu ticarət-iqtisadi münasibətlərimizin artırılmasına, gələcəkdə yeni birgə layihələrin reallaşdırılmasına öz töhfəsini verəcəkdir.
İkitərəfli əməkdaşlığımızda ticarət sahəsi əhəmiyyətli yer tutur və Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Sevindirici haldır ki, görülmüş işlər nəticəsində bu sahədə artımın davamlı xarakter almasına nail olunmuşdur. Belə ki, 2018-ci ildə ticarət dövriyyəmiz 2017-ci il ilə müqayisədə 28% artaraq təqribən 3,4 mlrd. $ təşkil etmiş, 2019-cu ilin ilk 7 ayında isə bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 33% artaraq təqribən 2,3 mlrd. $-a çatmışdır. Hədəfimiz qarşılıqlı ticarət həcmini daha da artırmaq, onun strukturunu diversifikasiya etməkdən ibarətdir. İmzalanması planlaşdırılan Preferensial Ticarət Sazişi bu hədəflərin reallaşdırılmasına töhfə verəcəkdir. Bundan başqa, müntəzəm olaraq birgə biznes forumların, ticarət missiyalarının, sərgilərin təşkilinə qarşılıqlı dəstəyin göstərilməsi, eləcə də AZPROMO, KOBİA, Ticarət və Sənaye Palatası ilə Türkiyənin DEİK, KOSGEB və digər aidiyyəti qurumları arasında əməkdaşlığın genişləndirilməsi bizi bu hədəflərə daha da yaxınlaşdıracaqdır. Kiçik və orta biznesin dəstəklənməsi istiqamətində birgə işlərin görülməsinin önəmini xüsusilə vurğulamaq istərdim. İşğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində kiçik sahibkarlığın dəstəklənməsi və məşğulluğun təmin edilməsi məqsədilə Türkiyənin dəstəyi ilə həyata keçirilən layihələr bu sahədəki əməkdaşlığımıza yaxşı nümunədir.
Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, nəqliyyat, kənd təsərrüfatı sahələrində 3040 Türkiyə kapitallı şirkət fəaliyyət göstərir ki, bu göstərici üzrə Türkiyə birinci yerdə qərarlaşmışdır. Eyni zamanda, Türkiyə şirkətləri Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilən və dəyəri 15,5 mlrd. $ olan 299 layihədə podratçı qismində iştirak edərək bu sahədə də liderliyi əlində saxlayır. Bütün bu sadalananlar Azərbaycan dövləti tərəfindən bu şirkətlərə verilən dəstəyin, eləcə də türk şirkətlərinin özlərini ölkəmizdə rahat hiss etməsinin göstəricisidir.
Qarşılıqlı yüksək etimad və yaradılmış əlverişli biznes mühiti öz növbəsində investisiya qoyuluşu sahəsində əməkdaşlığın genişlənməsinə münbit şərait yaratmışdır. Ötən dövrdə Türkiyə investorları Azərbaycana 12,2 mlrd. $ sərmayə yatırmışdır. Azərbaycanda qeyri-neft sektoruna sərmayə qoyanlar arasında qardaş ölkə 1-ci yerdədir (2,8 mlrd. $). Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycanın xaricdə ən çox investisiya yatırdığı ölkə məhz Türkiyədir. Bu sərmayələrin həcmi 15,1 mlrd. $ təşkil edir. Türkiyə şirkətlərinin Azərbaycandakı səmərəli fəaliyyəti ölkəmizin investisiya cəlbediciliyinin bariz nümunəsidir. Türkiyə şirkətlərini Azərbaycandakı sənaye zonalarına müxtəlif sahələrdə, o cümlədən kimya, neft kimyası və əczaçılıq sənayesi sahələrinə investisiya yatırmağa, habelə Türkiyədən Azərbaycana idxal olunan məhsulların, xüsusilə qida sənayesi, tekstil və elektrotexnika məhsulları, eləcə də onların ehtiyat hissələrinin bir qisminin Azərbaycanda istehsalı üçün birgə müəssisələr yaratmağa dəvət edirəm.
Sevindirici haldır ki, bu gün Türkiyə və Azərbaycan ölkələrimiz və dünya üçün böyük əhəmiyyət daşıyan layihələri birlikdə həyata keçirir, Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib edir. Bunlar sırasında Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP, Bakı-Tbilisi-Ərzurum, Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, STAR, PETKİM, Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü kimi strateji layihələrin adlarını çəkmək olar. Bu layihələr və təşəbbüslər bizim gücümüzü artırır, regional əməkdaşlığı möhkəmləndirir və sabitliyi təmin edir. Bundan başqa, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə Azərbaycanın aidiyyəti dövlət qurumları arasında müxtəlif layihələrin icrası üzrə səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Əminəm ki, birgə həyata keçirəcəyimiz layihələr bundan sonra da uğurla başa çatdırılacaqdır.
İkitərəfli münasibətlərdə böyük potensiala malik olan istiqamətlərdən biri də nəqliyyat-tranzit sahəsidir. Azərbaycan və Türkiyə əlverişli coğrafi mövqeyə malik olmaqla regionun mühüm nəqliyyat və logistika mərkəzlərinə çevrilmişdir. Ölkələrimizin ərazisindən keçən Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi yükdaşımalar üçün məsafə və müddət baxımından olduqca sərfəlidir. 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 2867 TEU konteyner daşınmışdır. Cari ilin ilk 8 ayında isə bu rəqəm 2544 TEU konteyner olmuşdur. 2019-cu ilin yanvar-iyul aylarında Türkiyədən Orta Asiyaya və əks istiqamətdə TIR ilə 171 min ton yük daşınmışdır ki, bu göstərici 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 123% çoxdur.
Azərbaycan-Türkiyə birlikdə XXI əsrin enerji tarixini yazır. Bu əməkdaşlıq ölkələrimizin iqtisadiyyatına böyük fayda verməklə yanaşı, hətta Avropanın enerji təhlükəsizliyinə də töhfə verir.
Turizm sahəsində əməkdaşlığımız inkişaf edir. 2018-ci ildə Türkiyədən Azərbaycana səfər edənlərin sayı 291259 nəfər təşkil edərək 3-cü yerdə qərarlaşmışdır. 2019-cu ilin 8 ayında isə bu rəqəm 203703 nəfər olmuşdur ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1% artım deməkdir. 1 sentyabr 2019-cu il tarixindən 30 gün müddətinə Azərbaycana gələn Türkiyə vətəndaşlarına viza tələbinin ləgv edilməsi bu sayın daha da artmasına gətirib çıxaracaqdır.
Eyni zamanda, Azərbaycan tərəfi Naxçıvan Muxtar Respublikasının iqtisadi təhlükəsizliyinin gücləndirilməsi istiqamətində Türkiyənin özəl sektoru ilə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdır və bu konteksdə türk iş adamlarına muxtar respublikada müxtəlif sahələrdə istehsal olunan keyfiyyətli məhsulları təklif edirik.
Hörmətli xanımlar və cənablar!
Azərbaycanın iqtisadi vəziyyəti barədə qısa məlumat vermək istərdim.
Azərbaycan Cənubi Qafqazın siyasi və iqtisadi mərkəzidir. Azərbaycan iqtisadiyyatı qlobal neqativ iqtisadi proseslər fonunda davamlılıq nümayiş etdirir. Belə ki, 2004-2018-ci illər ərzində ÜDM 3,3 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri 18,4 dəfə, strateji valyuta ehtiyatları isə 28 dəfə artmışdır.
Cənubi Qafqazın ÜDM-ində Azərbaycanın payı 60%-dən çoxdur. Coğrafi-iqtisadi mövqe, böyük tranzit potensialı, nəhəng regional layihələr və əlverişli biznes mühiti kimi amillər xarici investisiyaların Azərbaycana cəlb olunmasına töhfə vermişdir. Müstəqillik illərində Azərbaycana yatırılmış investisiyaların həcmi 263 mlrd. $ olmuşdur ki, bunun da yarısı xarici sərmayələrdir. Bu, xarici investorların ölkəmizin iqtisadiyyatına olan inamının göstəricisidir.
Hesablamalarımıza görə, 2019-cu ildə ÜDM 3,2%, qeyri-neft ÜDM-i isə 3,4% artacaqdır. Beynəlxalq təşkilatların proqnozları da müsbətdir. Belə ki, Dünya Bankı Azərbaycan iqtisadiyyatının 2019-cu ildə 3,3%, Beynəlxalq Valyuta Fondu isə 3,4% artacağını proqnozlaşdırır.
Azərbaycanda həyata keçirilən islahatlar davamlı və inklüziv iqtisadi inkişafı şərtləndirən əsas amillərdəndir. Son illərdə institutsional, insan kapitalı və sosial rifah, biznes mühiti, infrastruktur, kapital əlyetərliliyi, ərtaf mühitin mühafizəsi və məhkəmə-hüquq sisteminə yönəlmiş sistemli və kompleks islahat tədbirləri daha intensiv olaraq həyata keçirilir.
Eyni zamanda, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri həyata keçirilir. Belə ki, qanunvericilik təkmilləşdirilir, inzibati prosedurlar sadələşdirilir, dövlət xidmətlərinin effektivliyi artırılır, elektron hökumət sistemi genişləndirilir, biznes qeydiyyatı, tikinti icazələrinin alınması, gömrük rəsmilləşdirilməsi sahələrində vahid pəncərə sistemi tətbiq olunur, vergi və gömrük sistemləri təkmilləşdirilir.
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması 2021-ci ilə kimi uzadılmışdır. Lisenziyalar və icazələr sahəsində köklü islahatlar aparılmış, lisenziyaların vahid platforma üzərindən elektron formatda verilməsinə başlanılmışdır. Mütəxəssislərin fikrincə, Azərbaycanda lisenziyalaşdırma sistemi dünyada ən liberal, şəffaf və səmərəli sistemlərdən biridir.
Sahibkarlığın inkişafına dəstəyin göstərilməsi məqsədilə güzəştli kreditlər verilir, logistik mərkəzlər, sənaye parkı və məhəllələri yaradılmışdır. Burada rezidentlərə geniş güzəştlər təklif olunur. Bununla yanaşı ölkənin bütün ərazisində investisiya təşviqi mexanizmi, prioritet sahələrə investisiya yatıran yerli və xarici iş adamlarına vergi və gömrük rüsumu güzəştləri tətbiq edilir.
Həyata keçirilmiş islahatlar və tədbirlər fonunda təsadüfi deyildir ki, ölkəmiz Dünya Bankının “Doing Business 2019” hesabatında 190 ölkə arasında 25-ci yerdə qərarlaşmış, MDB ölkələri arasında lider, dünyanın ən islahatçı 10 ölkəsindən biri və ən çox islahat aparan ölkə hesab olunmuşdur.
Hörmətli tədbir iştirakçıları!
Bir sözlə, iki ölkə arasında iqtisadiyyatın bir çox sahələrində, o cümlədən ticarət və investisiya, kiçik və orta biznes, enerji, nəqliyyat, kənd təsərrüfatı və qida istehsalı, sənaye, təhsil, turizm, İKT, maliyyə sahələrində əməkdaşlıq imkanları genişdir. Hər iki ölkənin işgüzar dairələrini bu imkanlardan yararlanmağa və qarşılıqlı faydalı birgə layihələri həyata keçirməyə dəvət edirəm.
Bu xüsusda biznes forumun müzakirələr üçün əlverişli platforma rolu oynayacağına inanır və forumun işinə uğurlar arzu edirəm.
Yekunda diqqətinizə görə təşəkkür edir və qardaş türk xalqına daim rifah və tərəqqi arzulayıram. Sağ olun.