ATMU-da Bilik günü

16 Sentyabr 2019 17:10 (UTC+04:00)

Sentyabrın 16-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2019/2020-cu il tədris ilinin başlanması münasibətilə tədbir keçirilib. Azərbaycanın dövlət himni səsləndirildikdən sonra ATMU-nun rektoru cənab İlham Mədətov “Bilik günü” münasibətilə tələbələri təbrik edib, onlara yeni uğurlar arzulayıb.

Universitetin fəaliyyəti dövründə ölkənin ali təhsil ocaqları arasında bir sıra nailiyyətlərə imza atdığını deyən İ.Mədətov qeyd edib ki, indiyədək 2361 məzun universitetin bakalavr pilləsini bitirib, onlardan 216 nəfəri magistr dərəcəsi alıb. Tələbələrdən 210 nəfəri isə bakalavr və magistr pilləsində Azərbaycan Turizm və Menecment Universitetinin, o cümlədən Avstraliyanın İMC Krems TEU-nun diplomunu alıb.

Qeyd olunub ki, bu tədris ilində universitet tələbələrindən 97 nəfər, beləki Türkiyədə (15), Kiprdə (16), İsraildə (55), Çində (3), Bolqarıstanda (7), BƏƏ(1) və 58 nəfərdən çoxu isə Azərbaycanda istehsalat təcrübəsini uğurla başa vurub. Yeni tədris ilində ATMU-ya 13 ixtisas üzrə qəbul olunan 502 tələbədən 257-i dövlət sifarişi əsasında, 245-u isə ödənişli əsaslarla təhsilini davam etdirəcək.

İ.Mədətov davamlı iqtisadi islahatlar sayəsində ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində diqqətçəkən addımlar atıldığını, təhsil sahəsinin inkişafının prioritet istiqamətlərdən biri olduğunu,mövcud infrastrukturun yeniləndiyini,təhsil işçilərinin sosial rifahının gündən-günə yaxşılaşdığını dedi. Qeyd edilənləri təhsilə və təhsil işində aparıcı sima sayılan müəllimlərə hörmət və ehtiramın göstəricisi kimi dəyərləndirib. “Tələbələr müəllimlərin-müəllimlərdə tələbələrin sevimlisi olasınız”-arzusunu bildirib.

“Bilik günü”nə həsr olunan tədbirdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov yeni tədris ilinin başlanması münasibətilə tələbə və müəllimləri təbrik edib. ATMU tələbələrilə görüşündən məmnunluğunu bildirən Aparat rəhbəri diqqətə çatdırıb ki, ali məktəb tələbəsi olmaq hər bir gəncin həyatında ən önəmli hadisələrdən biridir. Mübaliğəsiz deyə bilərik ki,ölkəmizin dinamik inkişafında, həyat səviyyəsinin daha da yaxşılaşmasında, o cümlədən dünyagörüşünün formalaşmasında turizmin təsiri böyükdür. Deyilən fikirlər, birmənalı olaraq turizm sənayesində ixtisaslı və peşəkar kadrlara ehtiyacdan xəbər verir.

Ölkədə turizm sektorunun inkişafından danışan DTA-nin Aparat rəhbəri K.Qasımov bildirib ki, son illər regionlarda turizm infrastrukturunun gücləndirilməsi, çoxsaylı yeni turizm obyektlərinin istifadəyə verilməsi, təbii və mədəni turizm destinasiyalarının turist cəlbediciliyi baxımından inkişafı və ölkənin tanıdılması istiqamətində önəmli tədbirlərin təşkili məhz, qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan turizmin inkişafı deməkdir: "Məsləhətim budur ki, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin (DTA) strukturunda fəaliyyət göstərən ATMU-da yaradılan təhsil-təcrübə imkanlarından lazımınca faydalanıb çalışqan tələbələrdən olun. Unutmayın ki, Azərbaycanda hər zaman yüksək ixtisaslı və peşəkar kadrlara ehtiyac var”.

Aparat rəhbəri çıxışının sonunda ATMU-nun tələbəsi adını qazanan tələbələrə təhsil uğurları arzulayıb.

Tədbirdə AATP qrupunda təhsil alan Bəxtiyar Verdiyev Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə tərəfdaş ali təhsil müəssisəsi-Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin (TEU) də diplomunu almaq üçün tələbələrə yaradılan imkandan danışıb. Hər bir tələbənin xaricdə və ölkəmizin nüfuzlu turizm müəssisələrində təcrübə keçmələrinə şərait yaradıldığını bildirib. Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin müəllimi xanım Barbara Kovarribuas, valideynlər adından Mədəniyyət nazirliyi nəzdində Mədəniyyət üzrə elmi-metodiki və ixtisasartırma mərkəzinin direktoru, s.e.ü.f.d. Asif Usubəliyev “Bilik Günü” tədbirində iştiraklarından məmnunluqlarını bildiriblər, tələbələri ürəkdən təbrik edib təhsil uğurlar arzulayıblar.

ATMU-ya ən yüksək balla qəbul olan Selcan Vəliyeva sevincini tələbələrlə bölüşüb. Sonda ATMU-ya yüksək balla qəbul olan gənclərə tələbə biletləri və gül təqdim olunub.