Bu gün "Qarabağ" və "Neftçi" komandaları qarşılaşacaq

15 Sentyabr 2019 12:07 (UTC+04:00)
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun son 2 görüşü keçiriləcək. SİA xəbər verir ki, ikinci oyun günündə əvvəlcə "Keşlə" "Səbail"i qəbul edəcək. "ASK Arena"nın ot örtüyünün dəyişdirilməsi prosesi getdiyi üçün matç "Bakcell Arena"da olacaq. İlk 3 turdan 6 xal toplayan rəqiblər turnir cədvəlində qonşudurlar. "Keşlə" 3-cü, "Səbail" 4-cü sıradadır. Bu komandaların əvvəlki 8 çempionat qarşılaşmasından 3-də keşləlilər, 4-də isə "dənizçilər" qalib gəlib. "Səbail" son 4 görüşdə meydanı qolsuz tərk etməyib. "Keşlə" son 3 ev matçında qələbə qazanmayıb. Turun son oyunu çempionluğa 2 əsas namizəd – "Qarabağ" və "Neftçi" arasında olacaq. Ötən mövsüm müvafiq olaraq, qızıl və gümüş medal qazanan komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda üz-üzə gələcəklər. Sentyabrın 19-da Avropa Liqasının qrup mərhələsinin I turunda İspaniya "Sevilya"sını qəbul edəcək Ağdam təmsilçisi cari çempionata da inamlı başlayıb və 9 xalla vahid liderdir. "Ağ-qaralar" isə 4 xalla 5-ci yerdədirlər. Milli çempionatların daimi iştirakçısı olan "Qarabağ" və "Neftçi" indiyədək 76 dəfə görüşüblər. Bunlardan 28-də ağdamlılar, 20-də isə bakılılar 3 xal əldə ediblər. "Neftçi" 5, "Qarabağ" 4 oyundur meydanı qolsuz tərk etməyib. Ağdam klubu son 3 ev oyununda qalib gəlməyib. Qeyd edək ki, ilk oyun günündə qonaqlar qalib gəlib. "Zirə" "Sumqayıt"ı 2:1, "Qəbələ" isə "Sabah"ı 1:0 hesabı ilə üstələyib. Premyer Liqa IV tur 15 sentyabr (bazar) 18:00. "Keşlə" – "Səbail" Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov Hakim-inspektor: Şahin Cəfərov AFFA nümayəndəsi: Ramiz Mustafayev "Bakcell Arena" 20:30. "Qarabağ" – "Neftçi" Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Mübariz Hüseynov Tofiq Bəhramov adına Respublika Stadionu