Beynəlxalq Diaspor Mərkəzinin (BDM) idarə heyətinin növbəti toplantısı keçirilib. BDM-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, toplantıda Ermənistandan deportasiya olunmuş azərbaycanlıların hüquqlarının qorunması və bu istiqamətdə işlərin həyata keçirilməsi məqsədilə İrəvan departamenti yaradılıb.
Əziz Ələkbərli departamentin rəhbəri təyin olunub. Departamentin nəzdində işçi qrupu yaradılıb. İşçi qrupu aşağıdakı tərkibdə formalaşdırılıb: Cümşüd Nuriyev (işçi qrupunun rəhbəri), Vaqif Arzumanlı, Budaq Budaqov, Vəli Əliyev, Həsən Mirzəyev, Aygün Həsənoğlu, Sərlan Həsənov, Əvəz Lələdağ, Samir Adıgözəlli. Yeni yaradılmış İrəvan departamenti tarixi faktların araşdırılması, bu istiqamətdə yeni kitabların hazırlanaraq BMT dillərinə tərcüməsi, təbliğat xarakterli filmlərin çəkilişi, 1997 - 98-ci illərdə mərhum prezident Heydər Əliyevin deportasiya və soyqırımı haqqındakı tarixi fərmanlarından irəli gələn müddəaların həyata keçirilməsinə nail olmaq, Türkiyədə, xüsusilə İğdır vilayətində yaşayan irəvanlılarla əlaqələrin qurulmasına, Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının beynəlxalq müstəvidə müdafiəsinə və onlara ikili vətəndaşlığın verilməsi istiqamətində tədbirlər həyata keçirəcəkdir.