Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib

14 Sentyabr 2019 03:13 (UTC+04:00)

Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib.

SİA xəbər verir ki, Qərbi Qazaxıstan vilayətinə səfər edən Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədov yerli aparıcı şirkətlərdə olub. Qərbi Qazaxıstan vilayətinin Uralsk şəhərində keçirilən "Digital inwest" beynəlxalq forumunda iştirak edən R.Məmmədov Azərbaycanda elektron hökumət texnologiyaların, innovativ həllərin tətbiqi, ölkəmizin brendlərinə çevrilmiş "ASAN" və "DOST" mərkəzlərinin nümunəvi təcrübəsi barədə danışaraq əhalinin dövlət xidmətlərinə çıxışının asanlaşdırıldığını qeyd edib.

Qərbi Qazaxıstan vilayəti Uralsk şəhərinin qubernatoru Abat Şınıbekov ilə görüşən səfir ikitərəfli əməkdaşlığın genişləndirilməsi, qardaşlaşmış şəhərlər arasında əlaqələrin inkişafı, qarşılıqlı mədəni tədbirlərin keçirilməsi haqqında sazişin imzalanması, Uralsk şəhərinin iqtisadi və investisiya potensialı, habelə birgə mədəniyyət tədbirləri və digər aktual mövzular müzakirə edilib.

Səfər çərçivəsində "Ataməkan" Regional Sahibkarlar Palatasının direktoru Bakdaulet İbraimov ilə görüşdə iqtisadi əlaqələrin inkişafı, Azərbaycan və Qazaxıstan iş adamlarının iştirak edə biləcəyi investisiya layihələri müzakirə olunub, iki ölkə arasında ticarətin inkişaf imkanları nəzərdən keçirilib. Qərbi Qazaxıstan və Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin inkişafının perspektivləri, bu bölgədə reallaşdırılan iqtisadi layihələr, vilayət qubernatorunun Azərbaycana səfərinin reallaşdırılması, bu bölgənin iş adamları ilə Azərbaycan-Qazaxıstan biznes forumunun təşkil olunması məsələləri haqqında da danışılıb.