Deputatlar 7 əsgərin ölümü ilə nəticələnmiş hadisəyə münasibətlərini bildiriblər

22 Fevral 2011 21:45 (UTC+04:00)
Bu gün Milli Məclisin yaz sessiyasının növbəti iclası öz işinə başlayıb. SİA-nın məlumatına görə, iclasda deputatlar fevralın 20-də hərbi hissələrdən birində baş vermiş və 7 nəfərin ölümü ilə nəticələnmiş hadisəyə münasibətlərini açıqlayıblar. Bu məsələ ilə bağlı ilk növbədə çıxış edən millət vəkili Fazil Mustafa parlamentin iclasında çıxışında bildirib ki, əsgərlərin həlak olması ilə bağlı insidentdə günahı olanlar cəzalandırılmalıdırlar: "Cəzasızlıq mühiti davam etdikcə bu hadisələrin təkrarı yenə olacaq. Ona görə də ciddi tədbirlərin görülməsi vacibdir".
Deputat Zahid Oruc da bu mövzu ilə bağlı tənqidi çıxış edib. O deyib ki, son 6 ildə Azərbaycan Silahlı Qüvvələri 500 nəfər itki verib: "Onlardan 300 nəfəri qeyri-döyüş şəraitində həlak olub".
Deputat Siyavuş Novruzov isə bildirib ki, ordu Azərbaycan prezidenti qarşısında cavabdehdir və istintaq qrupunun araşdırması sona çatandan sonra rəsmi məlumat veriləcək. O, Zahid Orucun dediyi rəqəmlərin qeyri-rəsmi olduğunu və bununla razılaşmadığını da bildirib.
Qeyd edək ki, iclasın gündəliyinə 5 məsələ daxildir. İclasda Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin təsdiq olunması gözlənilir.
İclasda həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişiklik, "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr ediləcək, Azərbaycan Respublikası Gömrük Məcəlləsi müzakirə olunacaq.