Zahid Oruc: "Son 6 ildə cəbhə bölgələrində, orduda həyatını itirən insanların sayı 500-ə qədərdir"
22 Fevral 2011 21:26 (UTC+04:00)
"Cəbhədəki son insident barədə bizim söylədiyimiz fikirlər Ermənistan cəbhəsində, dairələrində, onun hərbi hissələrində müəyyən reaksiyalara, düşmənin əhval-ruhiyyəsinin qalxmasına səbəb olur". SİA-nın verdiyi xəbərə görə, bu sözləri millət vəkili Zahid Oruc jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, ilk növbədə biz bu hadisələrin nədən baş verdiyini düşünməliyik.
Dövlətin orduya çəkdiyi xərcin büdcənin üçdə birini təşkil etdiyini deyən millət vəkilinin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrində 100 minə qədər hərbi qulluqçu çalışırsa, bu əhalinin cəmi 1,1%-i, büdcənin isə beşdə birini təşkil edir. Onun sözlərinə görə, belə olan təqdirdə bu sferada sosial şərait, əsgər- zabit əlaqələri hüquqi müstəvidə olmalıdır: "Dövlət başçısının da ənənəvi siyasəti budur. Hesab edirəm ki, müdafiə naziri həmin hissəyə getməli, oradakı daxili şəraitlə yaxından tanış olmalıdır. Bu hadisə ilə bağlı söz deməməklə cəmiyyətdə narahatçılıqlar artmış olur. Eyni zamanda düşmən cəbhəsinə, mediasına baxsaq, o zaman oradakı xoş əhval ruhiyyəni görmüş olarıq. Hərbi hissələrdə şərait yaratamaq lazımdır ki, hər bir əsgər özünü Mübariz İbrahimov kimi göstərə bilsin. Yoxsa ki, hansısa bir səbəblərdən münasibətlərini bu cür insidentlərlə nəticələnəcək halda tənzimləməsinlər".
Z. Oruc qeyd edib ki, son 6 ildə cəbhə bölgələrində, orduda həyatını itirən insanların sayı 500-ə qədərdir. O vurğulayıb ki, onlardan 300-ü qeyri- hərbi döyüş itkiləridir. "Yeganə qurumdur ki, dövlət başçısının 2011-ci ilə yönəlik, xüsusilə də korrupsiya və rüşvət hallarına qarşı tədbirləri hələ də Müdafiə Nazirliyində keçirilməyib",-deyə millət vəkili əlavə edib.