"Plastik cərrahiyyə ilə bağlı xarici ölkələrdən də bizə müraciət edirlər" DİLQƏM MƏHƏRRƏMOV - VİDEO

12 Sentyabr 2019 15:36 (UTC+04:00)

Azərbaycan Tibb Universitetində XVIII Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresi çərçivəsində “Plastik və Rekonstruktiv Cərrahiyyə” sessiyası keçirilib. SİA xəbər verir ki, sessiyada yerli və xarici mütəxəssislər iştirak ediblər.

Konqresə 28-dən çox ölkə qatılıb və burada Amerika Birləşmiş Ştatları, Avropanın öndə olan ölkələri, Afrika, Avstraliya, Yaponiya və Koreya kimi ölkələrdən də mütəxəssislər var. Mütəxəssislər öz sahələrində son nailiyyətlərdən, yeni texnologiyalardan, cərrahiyənin yeni gözləntilərindən bəhs edir və iştirakçıları məlumatlandırıblar.

Plastik, rekonstruktiv, estetik cərrahiyyə bölümündə ölkəmizin bu bölümə məxsus olan cəmiyyəti və həmin cəmiyyətə üzv olan bütün estetik cərrahlar da iştirak edib və öz təcrübələrini bölüşüblər.

Müxtəlif plastik cərrahiyyə əməliyyatları barədə mühazirələr maraq doğurub və plastik əməliyyatlar sahəsində yeniliklər diqqətə çatdırılıb. Plastik cərrahiyyədə ən yeni texnologiyaların tətbiqini əks etdirən çıxışlarla davam etdirilən tədbirdə müxtəlif cərrahi müdaxilələr barədə, həmçinin təcrübədə rast gəlinən hallar və müdaxilələr barədə də məlumatlar verilib.

Azərbaycan Plastik Cərrahlar İctimai Birliyinin sədri, professor Vaqif Qələndərli universitetin bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin ənənə halını aldığını qeyd edib: “Dünyanın qabaqcıl mütəxəssislərinin nəzəri və praktiki təcrübələrini bu cür tədbirlərdə paylaşması ölkəmizdə səhiyyənin inkişafının bariz nümunəsidir. Burada dünyanın bir çox ölkələrindən gələn mütəxəssislər iştirak edirlər. Onların yerli mütəxəssislərlə bir yerdə çıxışları var. Bu çıxışlar əlbəttə ki, ölkəmizdə inkişaf edən konstruktiv plastik cərrahiyyənin həm ölkəmizdə səviyyəsini təqdim edir, eyni zamanda dünyada ən son nailiyyətləri olan və ən son protokollardan istifadə edərək aparılan əməliyyatlar barədə geniş müqaisələr, diskusiyalar aparılır.

Belə konfransların ölkəmizdə keçirilməsi çox vacib məsələdir. Bu cür beynəlxalq səviyyəli konfransların keçirilməsi əlbəttə ki, ölkəmizin səhiyyəsinin inkişafında böyük rol oynayır. Son zamanlar ölkəmiz bir çox konfranslara ev sahibliyi edir və bununla da həm gəlib ölkəmizi, onun inkişafını görürlər, həm də tibbin, eləcə də cərrahiyyənin, plastik cərrahiyyənin səviyyəsini, inkişafını görürlər ki, bu da bizim özümüz üçün qürurvericidir. Belə beynəlxalq konfranslar həm elmin inkişafı olaraq, həm də ölkəmizin tanıdılması üçün çox əhəmiyyətlidir”.

Tibb üzrə fəlsəfə doktoru, plastik cərrah Dilqəm Məhərrəmov isə öz təcrübəsinə əsaslanaraq süd vəzilərinin müxtəlif dəyişikliklərinə görə müraciət edən pasientlər üzərində aparılan uğurlu əməliyyatlardan geniş və əhatəli şəkildə danışıb, konqres iştirakçılarını bu sahədə əldə olunan nailiyyətlər barədə məlumatlandırıb. Plastik cərrah Dilqəm Məhərrəmov pasientlərin heç bir vasitədən istifadə etmədən, süd vəzilərinin toxumalarına toxunmadan həmin vəzilərin ideal bir şəklə gətirilməsi istəkləri barədə də qeyd edərək bildirib ki, onların istəyinə uyğun əməliyyatlar aparılıb və uğurla nəticələnib. Hətta xüsusilə vurğulayıb ki, əməliyyatlar magistral damarlarda zədələnmə olmadan, demək olar ki, qansız formada icra olunub və nəticəsi də qənaətbəxşdir.

D.Məhərrəmov qeyd edib ki, plastik cərrahiyyə ilə bağlı xarici ölkələrdən də bizə müraciət edirlər və onlar üzərində aparılan cərrahiyyə əməliyyatları uğurla nəticələnir.

Konqresdə qardaş ölkə Türkiyədən də həkimlər iştirak ediblər və öz çıxışlarında müsbət fikirlərini, təəssüratlarını gizlətməyiblər. Bir dəvətlə bu konqresə qatıldığını deyən, Türkiyədən, İstanbuldan olan konqres iştirakçısı plastik uzman olaraq fəaliyyət göstərən Doktor Osman Kələhməd oğlu qeyd etmişdir ki, bu konqresin olduqca uğurlu bir konqresdir. Türkiyəli doktor burada, Azərbaycanda gözəl, uğurlu əməliyyatlar icra edildiyini gördüyünü də dilə gətirib. Hətta gələcəkdə daha böyük uğurların və nailiyyətlərin əldə ediləcəyinə ümid etdiyini də bildirib.

Plastik və rekonstruktiv cərrahiyyə barədə nailiyyətlərdən danışan həkimlər tərəfindən xüsusən, diş-çənə, burun, qulaq, ətrafların, süd vəzilərinin rekonstruksiyası nümayiş etdirilib və onlar həkim həmkarlarının onlara ünvanladıqları suallarını cavablandırıblar.

Tədbirdə səhiyyə sahəsi üzrə aktuallıq kəsb edən 25 mövzuya dair məruzələr dinlənilib, müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.