İranda qadın futbol azarkeşi özünə qəsd edib

12 Sentyabr 2019 09:11 (UTC+04:00)

İranda futbol azarkeşi 29 yaşlı Səhər Xudayarinin özünə qəsd edərək ölməsi Beynəlxalq Futbol Federasiyası Assosiasiyasının (FİFA) etirazına səbəb olub. SİA xəbər verir ki, federasiya rəhbərliyi İran hökumətinə məktub yazaraq qadınların stadionlara buraxılmaması haqqında qanunun aradan qaldırılmasını tələb edib. Məktubda bildirilir ki, bu qadağa aradan qalxmasa İranın Milli Futbol Federasiyasına qarşı sanksiya tətbiq olunacaq.

Xatırladaq ki, cari ilin mart ayında Tehranın “İstiqlal” komandasının oyununu seyr etmək üçün “Azadi” stadionuna daxil olmağa cəhd edən S. Xudayari həbs edilmişdi. Girov müqabilində azadlığa çıxan qadın azarkeş sentyabrın 1-də dini məhkəmə tərəfindən cəzaya məruz qaldığını öyrəndikdən sonra özünü yandırmışdı. Xəstəxanaya çatdırılan S. Xudayari həkimlərin səyinə baxmayaraq sentyabrın 10-da vəfat edib.

Məsələyə münasibət bildirən İranın hüquqi məsələlər üzrə vitse-prezidenti Ləya Cüneydi qeyd edib ki, İranda qanun qadınların stadiona getməsini qadağan etmir. O nəzərə çatdırıb ki, prezident Həsən Ruhani bu problemi həll etmək üçün səylər göstərir.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, İranda qadınların stadiona getməsi qanunla qadağan edilməyib. Lakin dini elita qadınların kişilərlə birlikdə futbol oyunlarını izləməsini haram hesab edir və bunu onunla əsaslandırırlar ki, futbol oyununu izləyərkən hisslərini saxlaya bilməyən kişilər emosiyaya qapılır və söyüş söyürlər. Qadınların isə söyüş eşitməsi islam əxlaqına ziddir. Buna görə də qadınlar stadionlara buraxılmır.