Dövlət qulluğu sahəsində Türkiyə Respublikasının təcrübəsi öyrənilib
22 Fevral 2011 18:49 (UTC+04:00)
13-19 fevral tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) sədr müavini Vəfadar Misirovun rəhbərlik etdiyi Azərbaycan Respublikasının 11 dövlət orqanını təmsil edən nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib. DQMK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər 21 dekabr tarixdə Bakıda imzalanmış "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2010-2011-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı"na əsasən hər iki ölkənin dövlət orqanları arasında təcrübə mübadiləsinin aparılması məqsədilə həyata keçirilib.
Nümayəndə heyətinə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Nəqliyyat Nazirliyi, Gömrük Komitəsi, Bakı Şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti, Mingəçevir Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nümayəndələri daxil olublar. Fevralın 14-də nümayəndə heyəti Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət edib və böyük öndərin xatirəsini yad ediblər.
Nümayəndə heyətinin Türkiyə Respublikasının baş nazirinin müavini Hayati Yazıcı, Dövlət Kadrlar İdarəsinin rəhbəri Mehmet Tekinarslan, onun müavini Şaban Talaşla və İdarənin Təşkilat və beynəlxalq şöbəsinin müdiri Enes Polatla görüşü olub. Görüşlərdə iki qardaş ölkə arasında dövlət qulluğu sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib və təcrübə mübadiləsi məqsədi ilə təşkil olunan qarşılıqlı səfərlərin, bu əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyinə əminlik vurğulanıb. Eyni zamanda, görüşlərdə həm qurumlararası, həm də dövlət qulluğu sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub.
Səfər ərzində Azərbaycan nümayəndə heyətini Türkiyə Respublikasının dövlət qulluğu sistemi ilə daha yaxından tanış etmək məqsədi ilə Dövlət Kadrlar İdarəsinin, Türkiyə və Orta Şərq İdarəetmə İnstitutunun, Nəqliyyat Nazirliyinin, Səhiyyə Nazirliyinin, Energetika və Təbii Sərvətlər Nazirliyinin, Təhsil Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Xarici Ticarət İdarəsi və Dövlət Gömrük İdarəsinin əməkdaşları təmsil etdikləri dövlət orqanlarının gördüyü işləri əks etdirən təqdimatlarla çıxış ediblər. Türkiyənin Dövlət Şəhərsalma və İnşaat İdarəsində keçirilən görüşdən sonra Ankarada bu sahədə həyata keçirilən layihələr haqqında film göstərilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin hər bir üzvü oz təşkilatına uyğun olan dövlət qurumunda olub və qurumun gördüyü işlərlə yerində tanış olub. Dövlət Qullluğu Məsələləri üzrə Komssiyasının əməkdaşları da Türkiyənin Dövlət Kadrlar İdarəsində olmuş və "Dövlət qulluğuna kadrların seçilməsi və imtahanın keçirilməsi" mövzusunda təqdimatla tanış olublar. Azərbaycan Respublikasının dövlət qulluqçuları Türkiyə Cumhuriyyəti ilə bağlı tarixi muzeylərini də ziyarət ediblər.