Avropa İttifaqının və quruma üzv dövlətlərin Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik missiyalarının səfir və nümayəndələrindən ibarət heyət Naxçıvan Muxtar Respublikasına səfər ediblər. Qurumdan SİA-ya verilən xəbərə görə, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Roland Kobianın başçılıq etdiyi nümayəndə heyətinə Almaniyanın, Fransanın, İtaliyanın, Avstriyanın, Niderlandın, Latviyanın, Litvanın, Çexiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri, Belçikanın və Bolqarıstanın Azərbaycandakı səfirliklərinin müvəqqəti işlər vəkilləri daxildir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov nümayəndə heyəti ilə görüşüb. Görüşdə Ali Məclisin sədri Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrdə, qəbul olunmuş tərəfdaşlıq proqramlarında ölkəmizin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının da iştirak etdiyini bildirib. Eləcə də Avropa İttifaqının təhsil, bərpa olunan enerji, ətraf mühit, ekologiya, suların idarə olunması proqramlarında muxtar respublika fəal iştirakı və həmin proqramlara uyğun olaraq, artıq bir çox layihələr həyata keçirdiyini vurğulayıb. Həmçinin Naxçıvan Muxtar Respublikası ilə Avstriya Respublikasının Ştiriya Federal Əyaləti arasında imzalanmış müqaviləyə əsasən qarşılıqlı əməkdaşlığın hazırkı durumu və gələcək perspektivləri müzakirə mövzusu olub.
Roland Kobia is geniş tərkibdə nümayəndə heyətinin muxtar respublikaya səfərinin ittifaqa üzv dövlətlərin Azərbaycan, o cümlədən Naxçıvanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunun göstəricisi kimi dəyərləndirib, bunun Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlıq imkanlarının perspektivlərini müəyyən etməkdən ibarət olduğunu vurğulayıb.
Nümayəndə heyəti ikigünlük səfər çərçivəsində muxtar respublikanın görməli yerləri, tarixi abidələri ilə tanış olacaq, bir sıra görüşlər keçirəcək.