"ABŞ Ermənistanı İrana qarşı böyük oyuna cəlb edib" - Mübariz Əhmədoğlu

11 Sentyabr 2019 10:03 (UTC+04:00)

"İran-Ermənistan Ticarət Palatasının nümayəndələri Ermənistanda oldu, onları Ermənistanın İqtisadiyyat naziri Tiqran Xaçatryan qəbul etdi. Xaçatryan da hər iki ölkənin coğrafi yaxınlığını və mədəni oxşarlığını ön plana çıxardı. İranın AİB-lə əlaqələrinin Ermənistan üzərindən reallaşmasını hər iki tərəf üçün çox vacib adlandırdı. Erməni nazir son bir ildə Ermənistandakı iqtisadi vəziyyət barədə məlumat verdi. Hökumətin son bir ildə əsas siyasəti Ermənistan bazarına daxil olan kompaniyalara maksimal ədalətli şərait yaratmaqdır. Korrupsiya və digər neqativ halların kökü qətiyyətlə alınır. Nazir səlahiyyətli orqanlara İranın iş adamları ilə əlaqə qurmağı tapşırdı". Bunu SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, milliyyətcə erməni olan İran vətəndaşlarına Ermənistan bankları hesab açmırlar: "Bu yeni məlumatdır. Diasporal dövlət olan Ermənistanın hətta İran ermənisi üçün bank hesabı açmaması Ermənistanın düşdüyü vəziyyətin ağırlıq dərəcəsinin göstəricisidir. Paşinyan iş adamları ilə görüşən zaman iranlı iş adamlarından biri bu məsələni qaldırdı. Paşinyan problemi bilirmiş və hansısa bank hesabı açmırsa, başqa banka üz tutmağı tövsiyə etdi. Baş nazirin dediyindən belə başa düşülür ki, o, hansısa banka İran erməniləri üçün hesab açmaq tapşırığı verib. Bununla bərabər o, açıq bildirdi ki, bankları kredit verməyə məcbur edə bilməz. Ermənistanın 2 kompaniyası Mark El və Yerevan Elmi Tədqiqat İnstitutu ABŞ-ın Ticarət Nazirliyi tərəfindən sanksiya siyahısına daxil edildi. Mark El və Yerevan Elmi Tədqiqat İnstitutu mürəkkəb qurğular hazırlamaqla məşğuldur. ABŞ həm də bu təşkilatların fəaliyyətinə Ermənistanın təhlükəsizliyi və milli maraqlarına risk yaradan kompaniyalar kimi qəbul edir. Əksər ekspertlərin fikrincə, ABŞ Ermənistanı İrana qarşı böyük oyuna cəlb edib".

M.Əhmədoğlu əlavə edib ki, Ermənistanın energetik alternativin axtarışında İran ön plandadır: "İki ölkə “qaz əvəzinə mal” barteri üzərində işləyirlər. Ermənistan Yuxarı Larsa 2 alternativ tapıldığı barədə məlumat verdi. Hər ikisi İran vasitəsiilədir. Birinci-quru yol variantında yüklər Yerevandan Culfaya (İran), oradan Türkmənistan, Qazaxıstan və eləcə də Rusiyanın şəhərlərinə gedə bilər. İkinci variant isə Yerevandan yüklər İranın Ənzəli şəhərinə, oradan bərə vasitəsilə Rusiyanın Həştərxan vilayətinin Olya dəniz limanına göndərilə bilər. Bütün hallarda erməni ekspertləri hesab edirlər ki, İran marşrutları Gürcüstan ərazisindən olan marşrutlara rəqabət təşkil edə bilməzlər".