Ukrayna bazarında “Naxçıvan” brendli konyak

10 Sentyabr 2019 18:53 (UTC+04:00)

Ukrayna bazarında Azərbaycana məxsus şərab məhsullarının çeşidi genişləndirilir. Bu barədə SİA-ya Azərbaycan şərablarının Ukraynada satışı ilə məşğul olan şirkətdən məlumat verilib.

Bildirilib ki, yaxın vaxtlarda Azərbaycanın meyvə araqları, “Naxçıvan” brendli konyakı, “Borçalı” adlı şərabı Ukrayna bazarlarında satışa çıxarılacaq. “Qarabağ” brendli şərabın da Ukrayna bazarlarına çıxarılması üçün danışıqlar aparılır. Artıq Ukrayna bazarlarında Azərbaycan şərabları öz yerini möhkəmləndirib.

Qeyd edək ki, Azərbaycanın əfsanəvi “Ağdam” şərabı, “Şuşa” konyakı Ukraynanın bazarlarında kifayət qədər tanınır. Ümumilikdə Azərbaycana məxsus 50-dək adda şərab və spirtli içki məhsulları Ukraynanın iri ticarət obyektlərində, o cümlədən “AŞAN”, “NOVOS” “MEQA” hipermarketlərində, SOCAR-ın yanacaqdoldurma məntəqələrindəki marketlərdə satışa çıxarılıb.