Beynəlxalq Mətbuat İnstitutunun direktoru, mətbuat və kommunikasiya məsələləri üzrə meneceri artıq Bakıdadır

22 Fevral 2011 04:14 (UTC+04:00)

Bu gün axşam saatlarında Dünyanın ən nüfuzlu jurnalist təşkilatı olan Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) direktoru Alison Betel Mckenzi və qurumun mətbuat, kommunikasiya məsələləri üzrə menecer Antoni Milz fevralın 21-də Bakıya işgüzar səfərə gəliblər.

Bu barədə SİA-ya onları Heydər Əliyev adına hava limanında qarşılayan Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu məlumat verib. BMİ rəsmilərinin səfərindən danışarkən U.Rəhimoğlu bunları deyib: "Səfərdə onların əsas məqsədi Azərbaycan mətbuatının real vəziyyəti ilə yaxından tanış olmaq, onun inkişaf etdirilməsi yolları istiqamətində müzakirələr aparmaqdır. Əvvəlcədən planlaşdırıldığı kimi, fevralın 22-dən başlayaraq qonaqlar Azərbaycanın dövlət rəsmiləri, bir sıra media qurumlarının və KİV-rin rəhbərləri, o cümlədən, vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirəcəklər".

Xatırladaq ki, dünyanın ən nüfuzlu jurnalist təşkilatı olan BMİ 1950-ci ildə yaradılıb və dünyanın 120 ölkəsində bu mötəbər qurumun üzvləri var. Mərkəzi ofisi Avstriyanın paytaxtı Vyana da yerləşən BMİ-nin dünyanın müxtəlif ölkələrində milli komitələri fəaliyyət göstərir. Adətən, qurumun hər il keçirilən Dünya Konqresinə və Baş Assambleyasına dünyanın 500-ə yaxın ən məşhur və tanınmış media nümayəndəsi, dövlət başçıları, baş nazirlər, nazirlər, iş adamları qatılırar.