Dövlət qulluğu sahəsində Türkiyənin təcrübəsi öyrənilib

22 Fevral 2011 04:08 (UTC+04:00)

2011-ci il 13-19 fevral tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirovun rəhbərlik etdiyi Azərbaycan Respublikasının 11 dövlət orqanını təmsil edən nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib. SİA-nın xəbərinə görə, səfər 21 dekabr 2009-cu il tarixdə Bakıda imzalanmış "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2010-2011-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı"na əsasən hər iki ölkənin dövlət orqanları arasında təcrübə mübadiləsinin aparılması məqsədilə həyata keçirilib.

Nümayəndə heyətinə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Nəqliyyat Nazirliyi, Gömrük Komitəsi, Bakı Şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti, Mingəçevir Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nümayəndələri daxil olublar.

Fevralın 14-də Nümayəndə heyəti Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət etmiş və böyük öndərin xatirəsini yad ediblər.

Nümayəndə heyətinin Türkiyə Respublikasının Baş nazirinin müavini Hayati Yazıcı, Dövlət Kadrlar İdarəsinin rəhbəri Mehmet Tekinarslan, onun müavini Şaban Talaşla və İdarənin Təşkilat və beynəlxalq şöbəsinin müdiri Enes Polatla görüşü olub.

Səfər ərzində Azərbaycan nümayəndə heyətini Türkiyə Respublikasının dövlət qulluğu sistemi ilə daha yaxından tanış etmək məqsədi ilə Dövlət Kadrlar İdarəsinin, Türkiyə və Orta Şərq İdarəetmə İnstitutunun, Nəqliyyat Nazirliyinin, Səhiyyə Nazirliyinin, Energetika və Təbii Sərvətlər Nazirliyinin, Təhsil Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Xarici Ticarət İdarəsi və Dövlət Gömrük İdarəsinin əməkdaşları təmsil etdikləri dövlət orqanlarının gördüyü işləri əks etdirən təqdimatlarla çıxış ediblər.

Türkiyənin Dövlət Şəhərsalma və İnşaat İdarəsində keçirilən görüşdən sonra Ankarada bu sahədə həyata keçirilən layihələr haqqında film göstərilib. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin hər bir üzvü oz təşkilatına uyğun olan dövlət qurumunda olmuş və qurumun gördüyü işlərlə yerində tanış olub.

Dövlət Qullluğu Məsələləri üzrə Komssiyasının əməkdaşları da Türkiyənin Dövlət Kadrlar İdarəsində olmuş və "Dövlət qulluğuna kadrların seçilməsi və imtahanın keçirilməsi" mövzusunda təqdimatla tanış olublar. Azərbaycan Respublikasının dövlət qulluqçuları Türkiyə Cumhuriyyəti ilə bağlı tarixi muzeylərini də ziyarət ediblər.