Cem Oğuzun “Qaçqın: Anar Usubovun uzun səyahəti” filminin təqdimatı keçirilib- FOTO
22 Fevral 2011 03:53 (UTC+04:00)
Bu gün Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə tanınmış türkiyəli jurnalisti Cem Oğuz tərəfindən çəkilən "Qaçqın: Anar Usubovun uzun səyahəti" adlı filmin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, təqdimatda Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və bir çox dövlət rəsmiləri iştirak edib.
Təqdimatda ilk olaraq çıxış edən Ə. Həsənov qeyd edib ki, film Türkiyənin çox tanınmış jurnalisti, Bilkent Universitetinin professoru Cem Oğuz tərəfindən çəkilib: "Filmin çəkilişləri Türkiyənin NTV kanalında aparılıb. Film Heydər Əliyev Fondu, ABŞ-dakı Qarabağ fondunun təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə çəkilib. 1992-ci ildə Xocalıda törədilən qətliam dünyanın ən dəhşətli soyqırımlarından biridir".
Baş nazirin müavini onu da qeyd edib ki, ermənilərin azərbaycanlıların başına gətirdikləri dəhşətli hadisəni heç faşistlər də etməyib: "Bu gün azərbaycanlılar öz ərazilərində qaçqın kimi yaşayır. Bu niyə belə olmalıdır? Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi vəhşiliklər dünyanın heç bir yerində, heç bir xalqa qarşı edilməyib. Onlar Azərbaycandan gedən erməniləri bir aydan sonra Ermənistandan qovdular ki, siz artıq azərbaycanlaşmısınız. 15 il müddətində 1 milyon yarım erməni Ermənistanı tərk edib. Bütün bunları hamı görür və bilir".
Ə. Həsənov filmi ərsəyə gətirən Cem Oğuza və bu filmin istehsalında təşəbbüsü olan qurumlara və şəxslərə minnətdarlığını bildirib.
"Qaçqın: Anar Usubovun uzun səyahəti" filminin rejissoru Cem Oğuz bu filmin çəkilişi zamanı sözün bitdiyi bir çox anlar yaşadığını diqqətə çatdırıb: "Bu filmi çəkərkən mənim üçün bir çox sözün bitdiyi anlar oldu. Baxdıqca, törədilənləri izlədikcə heç bir söz düşünə bilmədim. Filmi çəkməkdə iki məqsədim vardı – Ermənistana və Rusiyaya sözümü demək istəyirdim".
C. Oğuz vurğulayıb ki, bir saatlıq filmdə bir çox məqamlara diqqət yetirib. Filmin ərsəyə gəlməsi üçün türkiyəli jurnalist Anar Usubovun ailəsinə də minnətdarlıq edib. Filmin təqdimatında çıxış edən "Mədəniyyət" kanalının rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev də 19 il əvvəl törədilmiş bu faciə barədə danışıb.
Qeyd edək ki, film Azərbaycan və ingilis dillərində nümayiş olunub.