Azərbaycan dünyəvi və müasir dövlət olmaqla yanaşı, milli dəyərlərə, hörmətlə yanaşan ölkədir
Bütün dinlərin və etnik qrupların nümayəndələrinin birgə yaşadığı Azərbaycanda hər kəs dini mənsubiyyətindən, irqindən asılı olmayaraq, azad və sərbəst fəaliyyət göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan çoxkonfessiyalı və çoxmillətli ölkədir və bu, bizim böyük sərvətimizdir: "...Özünütəcrid, nifrət hisslərinin bəslənilməsi və ya özünün digərlərindən üstün tutulması, bumeranq effekti verəcək və nəticədə, bu işlə məşğul olanların özlərinə xələl gətirəcək".
Azərbaycanda dindarların sərbəst surətdə ibadət etmələri üçün dövlət tərəfindən hər cür şərait yaradılıb və məzhəb mehribanlığı mövcuddur. Bunun əsas səbəbi Azərbaycandakı din-dövlət münasibətləridir. Bu, onu göstərir ki, Azərbaycan dünyəvi, müasir, dünyaya açıq olan dövlət olmaqla yanaşı, milli dəyərlərə, adət-ənənələrində böyük hörmətlə yanaşan bir ölkədir. Azərbaycan tarixən tolerant ölkə olub və hazırda bu, dövlət siyasəti kimi, ölkə rəhbərliyi tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə 13 kilsənin və 7 sinaqoqun fəaliyyəti əsas göstəricidir. Azərbaycanın dünya tolerantlığına verdiyi töhfə beynəlxalq aləmdə nümunə kimi qiymətləndirilir.
Bütün dinlərə hörmətlə yanaşan Azərbaycanın islami dəyərlərə olan münasibəti əməli fəaliyyətdə aydın görünür. Ölkəmizdə iki mindən artıq məscidin olması fikrimizi əsaslandırır.
Tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi və həyat tərzimizi əks etdirən dini mərasimlər
Ölkəmizdə keçirilən dini mərasimlər tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi və həyat tərzimizi əks etdirir. Dini mərasimlər arasında Məhərrəmlik mərasimləri də tarixi adət-ənənələrimizə söykənir. Aşura Günü müsəlmanların yaddaşında mühüm hadisələrin baş verdiyi gün kimi yadda qalmışdır. Hicri-Qəməri təqvimi ilə bu gün Məhərrəm ayının 10-cu günü - Aşura Günüdür. Müsəlmanlar Aşura Günündə İmam Hüseynin (ə) şəhid edilməsinə görə geniş şəkildə əzadarlıq mərasimləri keçirirlər.
"Aşura" ərəb sözüdür və onuncu deməkdir. Tarixi mənbələrə əsasən, Kərbəla hadisəsindən əvvəl də, Aşura Gününə müsəlmanlar arasında özünəməxsus şəkildə önəm verilib. Lakin hicrətin 61-ci ilində Məhərrəm ayının 10-da İmam Hüseyn (ə) və onun 72 səhabəsi İraqın Neynəva əyalətində yerləşən Kərbəla səhrasında zalım Bəni-Üməyyə xəlifəsi Yezid ibn Müaviyə tərəfindən şəhid edilib. İmam Hüseynlə (ə) birgə bütün 72 nəfərin başı bədənindən ayrılır. Başsız bədənlər üstündə atlar çapılır. Başlar isə, nizələrə vurularaq, digərlərinə ibrət olsun deyə, İraq və Şam şəhərlərində gəzdirilir. İmam Hüseynin (ə) ailəsi isə əsir götürülür və Dəməşqə Yezidin hüzuruna aparılır. Hadisənin 14 əsr öncə, baş verməsinə baxmayaraq, hər il bu olayı yüz milyonlarla insan xatırlayır və onu digər nəsillərə təlim edir.
İmam Hüseyn ibn Əli (ə) Həzrəti Məhəmməd (s) Peyğəmbərin nəvəsi olmaqla yanaşı, həm də, birinci İmam Həzrət Əlinin (ə) oğlu, eyni zamanda, müsəlman ümmətinin üçüncü imamıdır. İslam Peyğəmbərinin ən sevimlisi olan İmam Hüseyn (ə) Hicri tarixinin 4-cü ilinin Şaban ayında dünyaya göz açıb. Peyğəmbərdən nəql edilən çoxsaylı hədislərə görə, o, cənnət gənclərinin ağasıdır. Qurani-Kərimdə "Əhzab" surəsinin 33-cü ayəsinə əsasən, beş müqəddəs insandan təşkil edilmiş Əhli-beyt ailəsinin biridir. Səhabələrdən nəql edilən hədislərə əsasən, o, Peyğəmbərin ən sevimli nəvələrindən olub və Həzrət Məhəmməd (s) Hüseyn (ə) düşmənlərini hələ öz sağlığında Peyğəmbər düşmənləri adlandırıb. Aşura Günü baş verən faciə islam dünyasında yeni və ciddi siyasi hərəkatlar yaradır. Tövbəkarlar qiyamı, Zeyd ibn Əlinin qiyamı, daha sonra Yəhya ibn Zeydin, Nəfsi Zəkiyyə, Məhəmməd ibn Qasim, Təbatəbai Hüseyni və Təbəristanlı Ələvilərin qiyamı və zülmkar hökumətlərə qarşı digər qiyamlar Aşura faciəsinin nəticəsində baş vermişdir.
Aşura faciəsi, bir daha sübut edir ki, zülm və işğalçılıq fədakarlıq, qorxmazlıq və mərdliyin qarşısında acizdir, həmişə də aciz qalacaq. Bunu İmam Hüseynin (ə) Kərbəlada göstərdiyi şücaət və mərdanəlik sübuta yetirib.
Bu gün Aşura faciəsi digərlərindən fərqlənir. Onu yaşadan və xatirələrdən silinməsinə imkan verməyən əsas amil, ondan ibarətdir ki, Aşura heç bir qurum tərəfindən təbliğ edilmir və ona sevgi ədalət sevərlərin öz içindən qaynaqlanır.
Aşura Günü qanvermə aksiyalarının təşkil olunması Azərbaycanın dini ənənələrə və xüsusən də, Kərbəla hadisəsinin qeyd olunmasına daha bir humanist töhfəsidir. Ümid edirik ki, dünyanın digər bölgələrində Aşuranı qeyd edən müsəlmanlar Azərbaycanda mövcud olan bu humanist ənənəni mənimsəyərək, Məhərrəmlik mərasimlərini islamın və Kərbəla şəhidlərinin şəninə uyğun şəkildə qeyd edəcəklər.
Xalqımız tarixi ənənələrinə söykənir və hər il Aşura mərasimi ilə bağlı qanvermə aksiyaları keçirilir. Bu gün də, ənənəyə uyğun olaraq, ölkəmizin müxtəlif məkanlarında qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyası keçiriləcək.
Rəfiqə HÜSEYNOVA