Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsində daxil olan müraciətlərin baxılması işinin daha da gücləndirilməsi məqsədilə vətəndaşların ərizə və şikayətlərinə baxılması komissiyası yaradılıb.
Komitədən SİA-ya verilən məlumata görə, komissiyanın yaradılmasında məqsəd şəffaflığın təmin edilməsi, müraciətlərə operativ baxılması, daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsidir.
Artıq komissiya "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" qanuna əsasən vətəndaşların qanuni hüquqlarının pozulması, vəzifəli şəxslərin sui-istifadə və süründürməçilik halları barədə komitəyə daxil olan müraciətlərin qəbulu, ilkin təhlili, sistemləşdirilməsi və ətraflı araşdırılması üçün müvafiq tədbirlərə başlayıb.
Bundan başqa, daxil olan şikayət və ərizələrdə göstərilən faktların yerində araşdırılması məqsədilə komitənin aidiyyati qurumlarının mütəxəssislərindən ibarət işçi qrupları təşkil edilib. Komissiya və işçi qrupları tərəfindən vətəndaşların hüquqlarının pozulması, sui-istifadə və süründürməçilik halları aradan qaldırılır. Bundan başqa, komissiya belə nöqsanlara yol verən işçilər barədə müvafiq tədbirlərin görülməsi ilə bağlı təkliflər verir.
Paralel olaraq adı çəkilən komissiya komitəyə daxil olan ərizə və şikayətlərin, o cümlədən elektron poçt və qaynar xətlər vasitəsilə ünvanlanan müraciətlərin operativ araşdırılması ilə məşğuldur.
Bütün bunlarla yanaşı, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı sənədlərin qəbulu, bununla bağlı vətəndaşların ərizə və şikayətlərinin baxılması işinin yerlərdə səmərəli və şəffaflıqla həyata keçirilməsi məqsədilə komitənin yerli qurumlarında da işçi qrupları təşkil edilib.