Sumqayıt Texnologiyalar Parkının Kabel zavodunun 10 illiyidir

7 Sentyabr 2019 12:33 (UTC+04:00)

Sumqayıt Texnologiyalar Parkının (STP) Kabel zavodunun istehsal etdiyi 220 kilovoltluq kabelin Moskva və Sankt-Peterburqda sınağı aparılır və 70-80 faizi uğurla həyata keçirilib. Sınaqlar yekunlaşdıqdan sonra müvafiq sertifikatlar veriləcək və gələcəkdə istehsal olunacaq məhsulların Rusiyaya ixracına imkan yaranacaq. Bu barədə mətbuata zavodun texniki direktoru Yusif Əhmədov məlumat verib.

Y.Əhmədov qeyd edib ki, 250 hektar ərazidə yerləşən STP-də mövcud 12 zavodda – (Kabel zavodu, Polimer Məmulatlar zavodu, Elektrik Avadanlıqları zavodu, Qaynaq-Quraşdırma zavodu, Mexaniki Emal zavodu, Antikorroziya Örtükləri zavodu, Metaləritmə zavodu, Sendviç Panellər zavodu, Alüminium və Mis Profilləri zavodu, Texniki Qazlar zavodu, İnşaat Məmulatları zavodu, Transformator zavodu) 30-dan çox istehsal sahəsi fəaliyyət göstərir. Bu istehsal sahələri həm ölkəmizin, həm də digər xarici ölkələrin neft-qaz, energetika, tikinti və kənd təsərrüfatı sektorlarını geniş çeşiddə məhsullarla təmin edir. STP-nin istehsal etdiyi məhsullar Rusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Türkiyə, Tacikistan və Macarıstan bazarlarında “Made in Azerbaijan” brendi ilə satılır.

“STP 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusunu alıb. Texnopark bir sıra beynəlxalq sərgilərdə, o cümlədən ölkəmizdə keçirilən Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgisində və Tbilisidə inşaat sektoruna həsr olunmuş 22-ci beynəlxalq inşaat və dizayn “Caucasus Build 2018” sərgisində nümayiş olunub. STP indiyədək Almaniya, İngiltərə, Danimarka, Polşa, Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstana məhsullar ixrac edib. Texnoparkın hədəfləri Afrika və Yaxın Şərq kimi perspektivli bazarlara daxil olmaqdır. Texnologiyalar Parkı xüsusilə də 500 kilovoltluq ifrat yüksək gərginlikli elektrik kabellərinin, LAN və fiberoptik kabellərin, 1200 millimetr PE 100 borularının regionda yeganə istehsalçısıdır. Parkın zavodları Avropa istehsalı olan laboratoriyalarla təchiz edilib və AZS ISO/IEC 17025-2009 standartlarına uyğun şəkildə akkreditasiyadan keçib”, - deyə o bildirib.

Sumqayıt Texnologiyalar Parkının Kabel zavodu barədə məlumat verən texniki direktor diqqətə çatdırıb ki, zavod 2009-cu ilin dekabrın 22-də Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. Zavodun ərazisi 6,5 hektar sahəni əhatə edir. Fəaliyyəti dövründə zavodda 29 min çeşiddə kabel, o cümlədən alçaq, orta, yüksək və ifrat yüksəkgərginlikli kabellər, neft emalı və istehsalı sahəsində, tikinti sektorunda istifadə edilən kabellər, eləcə də 10-600 cütlü telefon kabelləri, müxtəlif növ fiber – optik, LAN və koaksial kabellər istehsal edilir. Kabel zavodu Azərbaycanda fiber-optik kabellərin istehsalını həyata keçirən yeganə müəssisədir. Qeyd edilən kabellərin 60 faizi ölkədaxili tələbatın ödənilməsi, qalanı isə xaricə ixrac üçün nəzərdə tutulub. 500 kilovoltluq kabel 6 ölkədə hündürlüyü 125 metr olan qüllədə istehsal olunur ki, onlardan biri də Sumqayıt Texnologiyalar Parkı MMC-nin Kabel zavodundadır.

“Zavodda 62-dək istehsal xətti var. Məhsulların istehsalı əsasən Finlandiya, Avstriya, Almaniya, İspaniya və Fransadan gətirilmiş avadanlıqlar əsasında həyata keçirilir. Ümumilikdə, zavodun illik istehsal gücü 100 min tonadəkdir. STP kabellərinin istehsalında aparıcı Avropa şirkətlərindən alınmış xammaldan istifadə olunur və yekun məhsul müasir dünya səviyyəli laboratoriyada sınaqlardan keçirilir. Zavodda 8 laboratoriya fəaliyyət göstərir ki, bu da keyfiyyətin önəmi olması deməkdir. Hər bir məhsul mərhələdən asılı olaraq yoxlanılır və Keyfiyyətə Nəzarət möhürü ilə təsdiqlənir. Burada yerləşdirilmiş laboratoriya avadanlığı alçaq, yüksək və 500 kilovatadək yüksəkgərginlikli kabellərin yoxlanılması üçün istifadə olunur. Kabel zavodunda istehsal prosesinə yüksəkixtisaslı və təcrübəli mütəxəssislər çalışır. Üç növbədə fəaliyyət göstərən zavodun 180-dək işçisi var”, - deyə Y.Əhmədov əlavə edib.

“Hazırda Rusiya bazarında bir neçə şirkətlərlə danışıqlar aparılır, müqavilələr bağlanır. Rusiya bazarına çıxmaq üçün bu ölkənin sertifikatı alınmalıdır. Zavodun 220 kilovoltluq kabellərin Moskva və Sankt-Peterburqda sınaqları aparılır. Artıq bir ilə yaxındır sınaqlar gedir. Yaxın iki-üç ayda sınaqların yekunlaşması planlaşdırılır və biz sertifikat aldıqdan sonra ixraca başlaya bilərik”, - deyə o diqqətə çatdırıb.

Texniki direktor bildirib ki, zavodun məhsullarından Bakı Olimpiya Stadionu, Zenit Arena, Bakı Cristal Hall, BP-nin “Şahdəniz-2” layihəsi, İsmayıllı Velosiped zavodu, Karbamid zavodu, SOCAR Polymer, SOCAR-ın Azneft İstehsalata Birliyi, SOCAR karbamid zavodu, “Neftqaztikinti” Tresti, Bayraq meydanı və sair yerlərdə istifadə olunub.

“Keyfiyyət və təhlükəsizlik bizim üçün prioritetdir” deyən Y.Əhmədov qeyd edib ki, zavodda çalışanların təhlükəsizliyi ilə bağlı müəssisə və sahə rəisləri gündəlik iş saatından asılı olaraq təlimlər keçir. Bundan əlavə, hər rüb ümumi təlimatlar keçirilir, ildə bir dəfə olmaqla əməkdaşların bilik və bacarıqları yoxlanılır. Zavodun Keyfiyyətə Nəzarət Departamentinin əməkdaşları mütəmadi olaraq istehsal sahələrinə nəzarət edirlər.

Zavodda istehsal olunan kabellərin sınaq laboratoriyalarında ən son beynəlxalq standartlara cavab verən üsullarla yoxlanıldığını bildirən texniki direktor deyib: “Laboratoriya avadanlığı telefon, LAN, fiber-optik, alçaq, yüksək və 500 kilovoltadək ifrat yüksəkgərginlikli kabellərin yoxlanılması üçün istifadə olunur. Kabel zavodunun istehsal xətləri və prosesləri müvafiq audit və keyfiyyət yoxlamalarından keçib və ISO 9001:2008, İSO 14001 OHSAS 18000:2007 sertifikatları əldə edib. 2012-ci ilin dekabrında Kabel zavodu “İnterkabel” Beynəlxalq Assosiasiyasına üzv qəbul olunub”.