Bakı-Qazax yolunun 86-cı km-də Hacıqabul rayonunun Qızılburun kəndi ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. BDYP-nın 7-ci tağımın inspektoru baş leytenant Üzeyir Abdullayevin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, Hacıqabul rayonundan Bakı istiqamətinə hərəkət edən VAZ 2107 markalı jiquli yolun orta zolağındakı beton hissəyə çırpılıb. Maşında olan 5 nəfərdən biri Mahmudov Hakim Şimşət oğlu hadisə yerində dünyasını dəyişib. Digər 4 nəfər isə Şirvan şəhər mərkəzi xəstəxanasına göndərilib.
Xəstəxananın həkimi Famil Yusifovdan aldığımız məlumata əsasən daxil olmuş 4 yaralıdan biri 1980-ci il təvəllüdlü Məmmədov Şahinin həyatını xilas etmək mümükün olmayıb. Digər 3 nəfər, 1981-ci il təvəllüdlü Qəhrəmanov Asif Bəykişi oğlu, 1960-cı il təvəllüdlü Hüseynov Akif Əmir oğlu və 1976-cı il təvəllüdlü Hüseynov Rövşən Oqtay oğlu müxtəlif bədən xəsarətləri alıblar. Hazırda vəziyyətləri qənaətbəxşdir.
Məlumat üçün bildirək ki, qəzaya uğramış maşın tam yararsız vəziyyətə düşüb.