Azərbaycan Müdafiə Nazirliyi (MN) və Respublika Hərbi Prokurorluğu "N" sayı hərbi hissədə baş vermiş cinayət hadisəsi ilə bağlı birgə məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumatda bildirilir ki, fevralın 20-də saat 9.40 radələrində MN-in hərbi hissələrinin birində ölümlə nəticələnən ağır cinayət hadisəsi baş verib. Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun əməkdaşları birgə təhqiqat aparmaq üçün hadisə yerinə ezam olunublar. Fakta görə Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hadisənin baş vermə səbəbləri və şəraiti birgə istintaq əməliyyat qrupu tərəfindən aparılmaqla zəruri, təxirəsalınmaz istintaq hərəkətləri həyata keçiriləcək.
Cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılması, hadisənin baş verməsində günahkar olan şəxslərin müəyyən edilib məhkəmə məsuliyyətinə verilməsi və qanunla nəzərdə tutulan başqa tədbirlərin görülməsi təmin olunmaqla ictimaiyyətə əlavə məlumat veriləcək.
Hadisə zəminində Quliyev Naib Fəxrəddin oğlu (1992 Beyləqan RHK 04.2010), Cavadzadə Cavid Vəkil oğlu (1991 Mingəçevir RHK 01.2010), Suanverdiyev Nurlan Radfel oğlu (1991 Ağdam RHK 04.2010), Xocberov Ramazan Abdulla oğlu (1992 Balakən RHK 04.2010), Kərimov Əfqan Yaşar oğlu (1991 Balakən RHK 10.2009), Hüseynov Əhməd Əhmədalı oğlu (1992 Ağcabədi RHK 01.2010), Quliyev Zakir Etibar oğlu (1991 Yasamal RHK 01.2010) dünyalarını dəyişiblər.