Milli Məclisin deputatı Xocalı faciəsi ilə bağlı Almaniyada keçiriləcək anım tədbirlərə qatılacaq

21 Fevral 2011 19:16 (UTC+04:00)
Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Rövşən Rzayev fevralın 22-də Almaniyanın Berlin şəhərinə səfərə yola düşəcək. Bu barədə SİA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Deputatımız Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar Almaniyadakı səfirliyimizin və bu ölkədə fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin təşkil etdikləri tədbirlərə qatılacaq.
Azərbaycan parlamentinin təmsilçisi öncə AFR Bundestaqının sabiq üzvü E.Litnerin rəhbərlik etdiyi "Almaniya–Azərbaycan əlaqələrinin inkişafı cəmiyyəti"nin təşkilatçılığı ilə Almaniya parlamentində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olumuş anma mərasimində iştirak edəcək. Tədbirə toplaşanlara Dağlıq Qarabağ münaqişəsinin tarixi-siyasi kökləri haqqında ətraflı məlumat verəcək. Erməni millətçilərinin Xocalı soyqırımındakı amansızlığını, eləcə də son iki yüz ildə Azərbaycan və Türkiyə xalqlarına qarşı törətdikləri silsilə vəhşilikləri Avropa ictimaiyyətinin diqqətinə çatdıracaq. Səfər çərçivəsində Rövşən Rzayev "Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı" mövzusunda elmi-ictimai konfransda iştirak edəcək. Konfransa toplaşmış Azərbaycan və türk diasporu təmsilçilərini, həmçinin Almaniya ictimaiyyəti nümayəndələrini maraqlandıran məsələlərə aydınlıq gətirəcək. Müzakirələrdə Azərbaycan həqiqətləri bir daha Avropa ictimaiyyətinin diqqətinə çatdırılacaq.
Bəşər tarixində analoqu olmayan Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar Almaniyanın Frankfurt-Mayn və Hannover şəhərlərində də anma mərasimləri, müxtəlif tədbirlər keçiriləcək, Berlin filarmoniyasında Almaniya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət matəm konserti veriləcək. Səfər fevralın 28-də başa çatacaq.