İngilis-erməni ittifaqının şifrələri - Tarix

21 Fevral 2011 18:47 (UTC+04:00)

İngilislərin "Böyük Ermənistan" pərdəsi altında hazırladıqları Orta Şərq planları ortaya çıxır. Türkiyəli tarixçi Halil Ersin Avçının ingilis arxivlərindən əldə etdiyi sənədlər "erməni məsələsi"nin mahiyyətini böyük ölçüdə aydınlaşdırır. Tarix keçmişi öyrənən elm olsa da onun gücü bu günə və gələcəyə istiqamət verə bilər. Tozlu rəflərdən tapılan hər yeni məlumat aktual problemlərin həllində yeni üfüqlər açır.

Son 7 ilini 7 müxtəlif ölkə arxivlərində keçirən Halil Avçı "erməni məsələsi" ilə əlaqədar yeni sənədlər ortaya qoyub. SİA-nın məlumatına görə, tarixçi əldə etdiyi önəmli məlumatlarla bağlı Türkiyənin "Aksiyon" jurnalına müsahibə verib. O, erməni probleminin əslində Hindistandakı ingilis kəşfiyyat ofisində bişirildiyini, Osmanlı imperiyası ilə yanaşı, bir çox Asiya ölkəsini hədəf aldığını bildirib. Avçı ingilislərin "erməni məsələsi"ini Orta Şərqdəki nüfuzlarını artırmaq, Osmanlı imperiyasını yıxmaq və Asiyada varlığını gücləndirmək üçün istifadə etdiyini bildirib. Türkiyəli tarixçinin araşdırmaları ilə bağlı verdiyi müsahibədən maraqlı məqamları oxuculara çatdırırıq.

İngilis-erməni ittifaqının kökü 16-cı əsrə gedib çıxır

İlk olaraq 18 və 19-cu əsrə aid arxiv sənədlərini araşdıran Halil Avçı ingilis-erməni ittifaqının 16-cı əsrə qədər çıxdığını görür. İngilislərin ermənilərlə strateji əlaqələri "Şərqi Hindistan İngilis Şirkəti" vasitəsilə qurulub. İçərilərində bir çox türkün də olduğu araşdırmaçılar Hindistan arxivlərində Türkiyə ilə əlaqədar bu qədər sənəd olacağını təxmin etmədiyi üçün işin dərinliyinə getməyib. Türkiyəli tarixçinin arxivlər üzərində işi ingilis imperatorluğunun erməni tacirlər vasitəsilə Şərqdə ciddi rifah təmin etdiyini ortaya çıxarır. İngilislər 16-cı əsrdən etibarən Orta Şərqə, 17-ci əsrin əvvəllərində isə Hindistana erməni tacirləri vasitəsilə daxil olaraq onların geniş ticarət şəbəkəsindən yararlanıb. İngilislər Şərqdə var olmaq üçün xristian ermənilərindən istifadə edə biləcəklərini düşünüblər və düşündüklərində də yanılmayıblar. Ticarətlə başlayan yaxınlaşma sonrakı illərdə siyasətə də sirayət edib. İngilislər Orta Şərq və Asiyadakı nüfuzlarını artırmaq üçün bu bölgədəki ermənilərdən əsrlər boyu bir vasitə kimi istifadə ediblər.

Təbii ki, erməni ticarət şəbəkəsinin gücünü fərq edənlər yalnız ingilislər deyildi. Bunu italyanlar da fərq etmişdilər. Lakin italyanlar da tacir xalq olduqları üçün ticarəti birbaşa özləri etmək istəyirdilər. Digər tərəfdən fransızlar üçün də ermənilərdən yararlanmaq heç də pis olmazdı. Ancaq fransızların osmanlılarla razılaşması olduğundan ehtiyacı olan malları İstanbul və İzmir limanlarından alırdılar. Buna görə də fransızlar Orta Şərqə çox yayıla bilmədilər. İngilislər isə yalnız ticarətlə kifayətlənmək istəmədilər. Ticarət ingilislərə siyasi oyunların reallaşdırılması üçün bir vasitə idi. İngilislər Osmanlı imperiyasını oyundankənar edərək Rusiya vasitəsilə şimaldan, İran vasitəsilə isə cənubdan Orta Şərqə girmişdilər. İngilislər Orta Şərqin tacirləri olan ermənilər ilə də birbaşa müqavilə bağlamağı daha faydalı hesab etmişlər. İngilislər erməniləri çox yaxşı tanıdıqlarından quru ticarəti ilə məşğul olmurdular, ermənilərin söz sahibi olmadıqları dəniz ticarəti ilə məşğul olurdular. Ermənilərdən sahib olduqları malları imtiyaz sahibi olduğu İran limanlarına yığmalarını, uyğun qiymətlə "İngilis Şərqi Hindistan Şirkəti"nə təslim etmələrini istəyirdilər. Bir sözlə, ermənilərə rəqib olmadılar, onlarla tərəfdaş oldular. İngilislər ilə ermənilər arasında (İran və Hindistan erməniləri) ilk ittifaq razılaşması 1688-ci ildə imzalanır. İngilislərin dünyaya, o cümlədən Orta Şərqə hakim olmaq üçün "erməni məsələsi"ndən bir açar kimi istifadə ediblər. İngiltərə və Hindistan arxivlərində aparılan araşdırmalar isə Türkiyəyə erməni problemi ilə əlaqədar mühüm qazanclar gətirə bilər.

İngilis missioner məktəblərində yeni erməni nəsli yetişdirildi

İngilislər yalnız Osmanlı deyil, İrandan Yaponiyaya qədər bir çox ölkədə ermənilərlə birlikdə hərəkət edib. 19-cu əsrdən etibarən qurulan ingilis missioner məktəblərində yeni bir erməni nəsili yetişdirildi. Məsələn, 1800-ci illərdə Türkiyədə "ingilis erməniləri" adı ilə fərqli bir qrup meydana gəlmişdi. 1890-cı illərdə ingilis kəşfiyyat xidməti Türkiyədəki "ingilis erməniləri"ndən hakimiyyət əleyhinə istifadə edir. Həmin vaxtlar ingilis kəşfiyyatı ingilis-erməni cəmiyyətləri ilə güclü əlaqələr qurur. Məsələn, Adanadakı erməni hadisələrində, həmçinin Çanaqqala döyüşü və sonra baş verən hadisələrdə olduğu kimi.

İngiltərə ilə ABŞ 1849-cu ildə "Üniversal Evanjelik İttifaq" müqaviləsi imzalayır. Bu razılaşmadan sonra ABŞ-lı missioner daha əvvəllər İngiltərənin gizli dəstəyi ilə gördüyü işləri açıq şəkildə görməyə başlayır. ABŞ Anadoluda protestant məktəblər, kilsələr açdı. Məktəblərin açıldığı yerlərdə erməni əhalisi də çox deyildi. İngilislər bu məktəbləri dayaqlarını gücləndirmək istədikləri yerlərdə açmışdılar. Daha sonra məktəblərin sıx olduğu yerlərdə konsulluqlar açdılar. Demək olar ki, bu konsulluqlar kəndlərə kimi yayıldı. 1880-1890-cı illərdəki üsyanlarda bu məktəblərdə yetişən ermənilər xüsusi fəallıq göstərdi. Terror təşkilatları yaradıldı. Üsyançılar məktəb və kilsələri silah anbarlarına, konsulluqları da üsyan sonrası qaçanların sığınacağına çevirmişdilər. İngilislər üçün ermənilər bölgədə hakimiyyət qurmaq üçün başqalarından daha faydalı idi. Çünki, osmanlılar ermənilərə həddindən artıq inanırdı. Eyni zamanda ingilislərin nüfuz əldə etmək istədiyi Osmanlı imperiyası, İran və Hindistanda onlara kömək edəcək tək ünsür də ermənilər idi. Bir sözlə, Şərqdə ermənilərdə olduğu kimi mahiyyəti xəyanət olan ikinci bir xalq yox idi.

"Erməni məsələsi" ilə yalnız ingilislər deyil, ruslar və fransızlar da maraqlanıblar. Rusların ruslaşdırdıqları, fransızların fransızlaşdırdıqları və Osmanlı torpağında istifadə etdikləri erməni qrupları olub. Ancaq ingilislər ruslar və fransızlardan fərqli olaraq "ingilislər erməniləri"ndən dar çərçivədə yararlanmadılar.

İngiltərə sonrakı illərdə ermənilərdən niyə üz çevirdi?

İngilislər üçün ermənilər və qurulması nəzərdə tutulan "Böyük Ermənistan" strateji əhəmiyyətə malik idi. İngilis kəşfiyyatının bir çox hesabatlarında qeyd olunduğu kimi İngiltərə "Böyük Ermənistan"ın qurulmasını Osmanlı türklərinin türk-islam dünyası ilə əlaqəsini qoparmaq üçün istəyirdi. Ancaq bu strategiya SSRİ-nin yaradılması və güclənməsi ilə dəyişdi. Yeni strategiya məcbur etdi ki, İngiltərə sovetlərə qarşı Qafqazda gürcu, erməni və azərbaycanlılara verdiyi dəstəyi kəssin. 1918-1919-cu illərdən etibarən ermənilər arxa plana keçirilir, onlar sovetlərin mərhəmətinə buraxılır. Birinci Dünya Müharibəsində türklərlə birlikdə ən çox zərər görən ikinci millət ermənilər oldu. Bir sözlə, ingilislər erməniləri 1919-cu ilə qədər öz mənfəətləri üçün istifadə edirlər, işlərini başa çatdırandan sonra isə onları öz taleyinə buraxırlar.

"Erməni soyqırımı"nı sübut edən bircə şəkil belə yoxdur

İngilistərə və digər Qərb dövlətlərinin iddiası odur ki, osmanlılar erməniləri Suriya çöllərinə apararaq soyqırıma məruz qoyublar. Burada ağla gələn bir sual var: qondarma erməni soyqırımından bir müddət sonra Suriyanı kimlər ələ keçirdi? Əlbəttə ki, ermənilər, fransızlar və ingilislər. Soyqırım olubsa, burada 800 min erməni öldürülübsə, onların məzarları, saxlanıldıqları düşərgələrin izləri, düşərgələrin fotoşəkilləri haradadır? Çanaqqala döyüşü, Suriya və Fələstin cəphəsi ilə bağlı çox dəqiq videogörüntülər var, erməni düşərgələrinə aid hər hansı bir video və fotogörüntü isə mövcud deyil. Türklərin qətl edilməsini əks etdirən fotolar, kütləvi məzarlıqlar və videolar isə mövcuddur. Ermənilərin belə fotoşəkilləri niyə yoxdur? Qərb bir əsrdir ki, əsassız iddialarla "erməni soyqırımı"nın olduğunu iddia edir. Halbuki, həmin illərdə ingilis ordusunun hər cür texniki imkanları var idi. "Soyqırım" olsaydı ingilislər sahib olduğu texniki imkanlardan yararlanaraq bunu həvəslə video və ya foto yaddaşlara köçürərdi. Ermənilər, fransızlar, ingilislər o illərdə Maltada qurulan beynəlxalq məhkəmələrdə bu iddiaları isbat edə bilmədilər. Müharibə şəraitində qarşılıqlı qətllər kifayət qədər olub. Onsuz da ingilislər "beşinci kolon"un əli ilə türkləri ermənilərə, erməniləri türklərə, kürdləri ermənilərə, erməniləri kürdlərə kifayət qədər qırdırıb. İngilislərin 1909-1910-cu illərdə kürdləri gizlicə silahlandırdığını göstərən kifayət qədər hesabatlar var. Əgər ingilislər erməniləri həqiqətən bu qədər sevirdilərsə, kürdləri niyə silahlandırırdılar?

Türkiyə-Ermənistan düşmənçiliyi bölgədəki tarazlığı saxlamaq üçündür

Qərb "erməni məsələsi"ni dünya səhnəsində sürətlə yüksələn Türkiyəni çətinə salmaq üçün istifadə etmək istəyir. İkincisi, türklər 8-10 əsrdir islam dünyasına liderlik edir. İngilis tarixçilərinin dili ilə desək, "dümağ bir tarixi" var. Qondarma soyqırımla bu keçmişə ləkə vurmaq istəyirlər, siz türk-islam dünyasına lider ola bilməzsiniz, demək istəyirlər. Türkiyənin Qafqazda yaradacağı bir ittifaqı və bu ittifaqın Orta Asiyaya gedib çıxacağını düşündüklərindən bu ölkə ilə problemi olan Ermənistandan divar kimi istifadə olunur. Çünki, yaranacaq türk-eməni ittifaqı Qafqazdakı "soyuq müharibə"nin mirası olan balansı alt-üst edər, bu müsbət dəyişiklik Qafqazdan Orta Asiyaya rahatca yayılar. Türkiyə ilə Ermənistan bir-birinə düşmən olduğu müddətdə isə regionda balans qorunmuş olacaq, Türkiyənin Qafqazda möhkəmlənməsi baş tutmayacaq. Türkiyə ermənilərə dəstək verənlərə cavab olaraq İngiltərə, Fransa, ABŞ və Rusiyanın dövlət arxivlərindəki sənədləri araşdırmalı, həqiqəti ortaya çıxararaq dünyaya yaymalıdır. Ermənilərin tarixdə bu dövlətlər tərəfindən istifadə edildiyi sübut olunmalıdır. "Erməni məsələsi"nin həlli bu gün də ermənilərdən istifadə edən dövlətlərlə masaya oturmaqdan keçir. Bu mövzuda həmsöhbət həmin dövlətlər olmalıdır, Ermənistan deyil.