Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi FOTO

4 Sentyabr 2019 14:25 (UTC+04:00)

Bakı Dövlət Universitetində (BDU) müxtəlif illərdə bu ali təhsil ocağının hüquq, fizika, riyaziyyat, şərqşünaslıq, biologiya fakültələrini bitirən vyetnamlı məzunlarla görüş keçirilib.

BDU-dan SİA-ya verilən məlumata görə, rektor Elçin Babayev Azərbaycan və Vyetnam arasında dostluq münasibətlərinin hələ Sovet İttifaqı dövründə qurulduğunu, əməkdaşlığın uğurla davam etdirildiyini bildirib. E.Babayev iki ölkə arasında əlaqələrin inkişafında və daha da möhkəmlənməsində Azərbaycan ali təhsil ocaqlarının, xüsusilə, Bakı Dövlət Universitetinin vyetnamlı məzunlarının böyük rol oynadığını vurğulayıb.

BDU-nun vyetnamlı məzunlarının hazırda Vyetnam Milli Assambleyasında, o cümlədən müxtəlif dövlət qurumlarında, təhsil ocaqlarında, elm və araşdırma mərkəzlərində, habelə özəl sektorda çalışdıqlarını xatırladan rektor Azərbaycanın Vyetnamla bütün sahələr üzrə əməkdaşlığın inkişafına önəm verdiyini qeyd edərək, təhsil sahəsində tarixən mövcud olan uğurlu əlaqələrin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

BDU-nun 100 illik yubileyinin dövlət səviyyəsində qeyd ediləcəyini bildirən rektor vyetnamlı məzunları yubileyə və həmin günlərdə keçiriləcək məzunlar forumuna dəvət edib.

BDU-nun Fizika fakültəsinin 1979-cu il məzunu, nümayəndə heyətinin rəhbəri Nguyen Hoai Chau doğma universitetdə olmalarından məmnunluğunu ifadə edərək, artıq 30 ildir ki, hər il BDU-nun təsis edildiyi 1 sentyabr tarixində Azərbaycan ali təhsil ocaqlarının digər vyetnamlı məzunları ilə birlikdə bu əlamətdar günü qeyd etdiklərini bildirib.

Ötən əsrin 70-80-ci illərdə Vyetnamdan böyük bir ziyalı təbəqəsinin məhz respublikamızda təhsil almasını yüksək qiymətləndirən vyetnamlı məzunların müəllimləri bu dostluğun əsasında hələ SSRİ vaxtında Vyetnama səfər edən ümummilli lider Heydər Əliyevin xidmətlərini qeyd edib, məzunların öz doğma universitetlərini hər zaman xatırladıqlarını, müntəzəm olaraq ziyarət etdiklərini bildiriblər.

Məzunlar təhsil aldıqları fakültələrdə, dərs keçdikləri auditoriyalarda, laboratoriyalarda olub, universitetin inkişafından məmnun olduqlarını bildiriblər.