Güləşçilərimiz erməni rəqibləri üzərində qələbə qazanıblar

20 Fevral 2011 07:21 (UTC+04:00)

Belarusun paytaxtı Minsk şəhərində yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışları keçirilir.

SİA-nın xəbərinə görə, yarışlarda Azərbaycan ilə yanaşı, Rusiya, Türkiyə, Ermənistan, Kuba, Bolqarıstan, Qazaxıstan, İran, Koreya Respublikası və Belarus komandaları mübarizə aparırlar.

Azərbaycan yığması Rusiya, Ermənistan, Qazaxıstan və Bolqarıstanla eyni qrupda mübarizə aparır. Digər 5 iştirakçı isə ayrı qrupda yarışır. Qrupda ilk 2 yeri tutan komandalar final mərhələsinə vəsiqə əldə etmiş olacaqlar. Qrupun qalibləri qızıl medallar, ikinciləri isə bürünc medallar uğrunda yarışacaqlar.

Baş məşqçi Fərid Mansurovun rəhbərliyi altında yığmamızın 11 üzvü Belarusa gedib. Dünya Kubokunda yığmamızı Eldəniz Əzizli, Rövşən Bayramov (hər ikisi 55 kq), Həsən Əliyev, Orxan Paşayev (hər ikisi 60 kq), Vitali Rəhimov, Rüstəm Əliyev (hər ikisi 66 kq), Rafiq Hüseynov (74 kq), Saman Təhmasibi (84 kq), Şalva Qadabadze (96 kq), Zaur Mehrəliyev, Anton Botev (hər ikisi 120 kq) təmsil edirlər.

Yarışın açılış günündə ilk olaraq Rusiya millisi Ermənistan yığması ilə qarşılaşmış və rəqibi üzərində 6:1 hesablı qələbə çalıb. Qazaxıstan yığması isə Bolqarıstan komandası üzərində 7:0 hesabı ilə inamlı qələbə qazanıb.

Yığmamız ilk turda Rusiya millisi ilə qarşılaşmış və minimum fərqlə - 3:4 hesabı ilə məğlub olub. İkinci görüşdə isə Azərbaycan güləşçilərinin rəqibləri Ermənistan təmsilçiləri olublar. Güləşçilərimiz, necə deyərlər, rəqiblərinə göz açmağa imkan verməyiblər. Görüş 7:0 hesabı ilə həmyerlilərimizin xeyrinə başa çatıb.