Dünən erməni müxalifətinin daha bir mitinqi baş tutub. SİA-nın məlumatına görə, mitinqdə çıxış edən Erməni Milli Konqresinin (EMK) rəhbəri, keçmiş prezident Levon Ter-Petrosyan çıxışında ölkədəki vəziyyətlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi və Ermənistan-Türkiyə əlaqələrinə də toxunub. O, prezident Serj Sarkisyanı 27 yanvarda "Exo Moskvı" radiosuna verdiyi müsahibəyə görə tənqid edib.
Eks-prezident Sarkisyanın "Əslində müzakirələri Ermənistan icra edir, çünki başqa çıxış yolu yoxdur. Bir sözlə, Azərbaycan Dağlıq Qarabağla bağlı müzakirələri icra etmək istəmir" fikri ilə razılaşmadığını bildirib. Petrosyan Sarkisyanın bu məsələdə Azərbaycanın şantajına boyun əydiyini bildirib. O, həmçinin ATƏT-in 1994-cü ildəki Budapeşt toplantısının qərarı ilə Dağlıq Qarabağın tam səlahiyyətli bir tərəf olduğunu və heç bir beynəlxalq təşkilatın bunu qəbul etmədiyi istiqamətində qərar vermədiyini, bunun hüquqiliyinin Azərbaycanın istəyi ilə bağlı olmadığını söyləyib.
Ermənistanın keçmiş prezidenti erməni-türk əlaqələrinin normallaşmamasına görə də S.Sarkisyanı tənqid edib. Çıxışında ərəb dünyasındakı hadisələri qiymətləndirən Ermənistanın birinci prezidenti vurğulayıb ki, erməni iqtidarı bu hadisələrdən lazımı nəticə çıxarmazsa, gec-tez Ermənistanda da eyni hadisələr baş verəcək: "Bunun bütün məsuliyyəti Serj Sarkisyan və idarə etdiyi quldur rejimin üzərinə düşəcək. Arzu olunmayan hadisələrdən qaçmağın yeganə yolu növbədənkənar prezident və parlament seçkiləridir. Bunlar siyasi bir zərurətdən daha çox xalq və dövlətin varlıq məsələsinə çevrilib. Vəziyyəti kökündən dəyişdirməyə istiqamətlənən konkret addımlar atmaq əvəzinə rejim özünü "Ermənistanda sosial partlayış olmaz" deyərək yuxuya verir. Ancaq sosial partlayışın pis bir xasiyyəti var, yalnız meydana çıxandan sonra görünür. Sosial partlaşının günü qiyamət günü kimi gizli və qəfildir. Serj Sarkisyanın "mübarəkləşməsi" isə yalnız zaman məsələsidir".