Millət vəkili: “İpoteka kreditləri miqdarının 10 milyona çatdırılması barədə təklif vermişik”-MÜSAHİBƏ

19 Fevral 2011 02:57 (UTC+04:00)
Millət vəkili Vahid Əhmədovun SİA-ya müsahibəsi:

- Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında ölkə başçısının sərəncamı təqaüdçülərin iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına hansı imkanları yaradacaq?

- Ümumiyyətlə, pensiyanın sığorta hissəsi ilə bağlı son zamanlar səslənən fikirlər müsbət hallardır. Cənab prezidentin pensiyanın sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı sərəncamı ölkədə olan inflyasiya ilə əlaqədardır. İnflyasiya faizlərinə uyğun olaraq sığorta hissəsi indeksləşdirilir və əhaliyə ödənilir. Bu təxminən 1 milyona yaxın əhalini əhatə edir. Bu müsbət haldır, çünki uzun müddət idi ki, indeksləşdirmə aparılmırdı. Pensiyaların sığorta hissəsini son vaxtlar tətbiq etmişik və bunların hamısı elektron hesablama vasitəsilə aparılır. Heç bir müdaxilə yoxdur, rüşvətxorluğa, bürokratiyaya yol verilə bilməz. İnsanlar özlərinə layiq olan vəsaitləri alacaqlar. Ona görə də biz qanun qəbul olunanda çalışırdıq ki, insanlar bilsin ki, sığorta hissəsində vəsait nə qədər çox olarsa, bir o qədər onlar əlavə vəsaiti ilbəil ala bilərlər.

- Qarabağ müharibəsi əlilləri, şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında dövlət qərarı aztəminatlı ailələrin həyat və yaşayış tərzinə hansı təsirlər göstərəcək?

- Hər il cənab prezident dövlət büdcəsini təsdiq edəndə və ya dövlət büdcəsini Milli Məclisə göndərəndə sosial məsələlərə çox diqqət yetirir. 2011-ci ildə dövlət büdcəsi 12,5 milyard manatdırsa, onun 30-33%-i sosial yardımlarla əlaqədardır. Buraya xəstəxana, məktəb tikintisi, ünvanlı sosial yardımlar, pensiyaların baza hissəsi və digərləri daxildir. Həmişə cənab prezident sənədi Milli Məclisə göndərəndə orada müəyyən artımlar nəzərə alınır. O cümlədən 2011-ci ildə dövlət büdcəsində sosial yardımlara 4,5 milyarda yaxın vəsait ayrılır. Bu sahələrdə də müəyyən nöqsan və çatışmazlıqlar var. Ünvanlı sosial yardımların verilməsi ilə bağlı ciddi problemlər var idi, cənab prezidentin korrupsiya ilə əlaqədar çıxışından sonra bunlar aradan qaldırıldı. Bu da əhali arasında çox müsbət qarşılanıb. Əlil ailələrinə, Qarabağ müharibəsi iştirakçılarına, veteranlara evlərin verilməsi çox sürətlə aparılır. Elə bir il yoxdur ki, bütün rayonlarda həmin ailələr üçün xüsusi evlər tikilib istifadəyə verilməsin. 2011-ci ildə də bu nəzərdə tutulub. Məsələn, Quba rayonunda əlil və şəhid ailələri üçün iki 5 mərtəbəli bina tikib istifadəyə verməliyik. Digər tərəfdən bu yaxınlarda məsələ gündəmə gətirilib və qanun şəkildə qəbul olunacaq ki, əgər Qarabağ və ya müharibə veteranları rəhmətə gedibsə, onların ailələri ev almaq imkanına malik olsunlar. Bununla bağlı Milli Məclisdə müəyyən qərarlar qəbul olunacaq. Ümumiyyətlə, prezident tərəfindən bu sahələrə diqqət hər zaman çoxdur.

- Milli Məclisdə yeni ailə quranlara mənzillərin verilməsi müzakirə olunurdu. Hazırda bu müzakirələr nə yerdədir və bu daha çox kimlərə şamil olunacaq?

- 2007-ci ildə İpoteka krediti haqqında qanun layihəsi qəbul etdik. Bu qanun layihəsinin qəbul edilməsində ipotekanın iki forması var-sosial və adi ipoteka. Sosial ipoteka dövlət büdcəsindən maliyyələşən ipoteka kreditidir. Bu, bütün dünyada geniş yayılıb və əsasən, müharibə iştirakçılarına, zabitlərə, gənc ailə quranlara, elmlər namizədi, elmlər doktoru və digər ağır şəraitdə olan insanlara evlər ucuz kreditlə verilir. 2008-ci ildə ipotekaya 80 milyon manata qədər vəsait ayrıldı və bu kreditlər verildi. Sonradan bu kreditlərin miqdarı azaldıldı. 2011-ci ilin dövlət büdcəsini təsdiq edəndə təklif etdik ki, bu kreditlərin miqdarı artırılsın və hardasa 10 milyona çatdırılsın. Hazırda da bu məsələyə baxılır. Cavan ailələrin, o cümlədən yeni ailə quranların evlə təmin olunması üçün bu kredit formasından Azərbaycanda geniş istifadə olunur. Mərkəzi Bank tərəfindən Tikinti bankları haqqında qanun layihəsi işlənib hazırlanır. Bu da həmin məsələlərlə birbaşa əlaqədardır.
Gənc ailələrə mənzillər verərkən əsasən hərbi xidmətdə olan zabitlər, hərbi xidməti qurtarıb gələn əsgərlər, elmlə məşğul olan insanların ailələrinə, ən çox sosial sahədə bu kateqoriyadan olan insanlara üstünlük veriləcək.

- Bəs, Milli Qəhrəmanların ailələrinə evlərin verilməsi ilə bağlı qanunvericiliyə hər hansı dəyişikliklər oluna bilərmi?

- Milli Qəhrəmanların ailələrinə diqqət həmişə var. Onlar hər zaman dövlət tərəfindən müəyyən güzəştlər alırlar. Əlbəttə, ev məsələsində də onlar ön planda gedəcək.

- Təhsil krediti haqqında qanun layihəsi cari il ərzində Milli Məclisin müzakirəsinə təqdim oluna bilərmi?

- Təhsil krediti haqqında qanun layihəsini mən və həmkarım Əli Məsimli hazırlayaraq Milli Məclisə təqdim etmişik. Bu qanun layihəsi hələlik Milli Məclisin komitəsində müzakirə olunmur, ancaq komitə üzvlərinə paylanıb. Biz çalışacağıq ki, payız sessiyasında birinci oxunuşdan keçsin. Ola da bilsin ki, payız sessiyasında qəbul olunsun. Azərbaycanda Təhsil qanunu qəbul olunub. Bu çərçivə qanunudur və bununla əlaqədar bir neçə qanunlar qəbul olunmalıdır. Hazırda Ali təhsil haqqında, Orta təhsil haqqında qanun layihələri, o cümlədən alimlərimizlə əlaqədar qanunlar işlənib hazırlanır. Təhsil kreditləri haqqında qanun layihəsini də biz tətbiq etmişik. Məqsədimiz ondan ibarətdir ki, indi əksər institutlarda pullu təhsildir. Pullu təhsil alanlar pulsuz təhsil alanlardan həddindən artıq çoxdur. Bunların da həm maddi, həm də oxumaq imkanları çox zəifdir. Biz də istərdik ki, bunlar üçün əlavə şərait yaradılsın, uzun müddətli kredit verilsin ki, onlar da bundan istifadə edərək təhsillərini başa çatdırsınlar. İşlə təmin olunduqdan sonra isə zamanla həmin kreditləri qaytarsınlar. O cümlədən bizim rayonlardan gələn tələbələr kirayədə qalır və onların sosial vəziyyətləri o qədər də yaxşı olmur. Tələbə olan insanlar kirayə üçün pul ödəməli olurlar. Bütün bu və ya digər məsələlər qanun layihəsində öz əksini tapıb. İstənilən tələbənin öz təhsilini normal başa vurması üçün bu qanun layihəsində onlara güzəştli kreditlərin verilməsi əsas məsələlərdən biridir.

- Bildiyiniz kimi, bu gün İran Ermənistanla iqtisadi əlaqələrini genişləndirir. Bu yaxınlarda İranla Ermənistan arasında neft tranzit müqaviləsinin imzalanması İranın Azərbaycanın milli maraqlarına qarşı çıxış etməsi kimi demək olarmı?

- İranın istər dövlət başçısı, istərsə də siyasi xadimləri sözdə hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Amma belə işləri görəndə, yəni onun Ermənistanla sıx əlaqələr qurması bizi qane etmir. Birincisi, unutmaq lazım deyil ki, İran bizim qonşu dövlətimizdir və orada 30 milyona yaxın həmvətənlərimiz yaşayır. Biz bunları nəzərə almalıyıq. Hər hansı bir siyasi bəyanat verdikdə də bunlar nəzərə alınmalıdır. Amma İran dövləti də nəzərə almalıdır ki, Azərbaycan artıq regionda güclənmiş bir dövlətdir və istənilən vaxt hər hansı bir dövlətə öz siyasi iradəsini, bəyanatını göstərə bilər. Artıq Avropa dövlətləri Azərbaycanla hesablaşmağa qadirdirlər. Çünki Azərbaycanda olan neftin, qazın ixracı bütün Avropaya çatdırılır. İran dövlətinin Ermənistanla belə sıx əlaqələr qurması bizim üçün məğlub hesab edilə bilməz. Biz bunu normal qəbul edə bilmərik. İran dövləti də başa düşməlidir ki, Azərbaycan İranla qonşuluq siyasətində həmişə açıq olub. Ona görə də İranın Azərbaycana qarşı atdığı bu son addımlar müsbət qəbul oluna bilməz. Biz bu addımların hər zaman əleyhinə olmuşuq. Milli Məclis üzvləri, siyasətçilər, politoloqlar bununla bağlı hər zaman öz fikirlərini bildiriblər. Mən də demək istəyirəm ki, İran düzgün addımlar atmır. Azərbaycanın Türkiyəyə olan münasibətləri İranla da olmalıdır. Ermənistanla İran arasında neftlə əlaqədar boru kəmərinin çəkilməsinə gəlincə, bu məlumatlar Azərbaycan iqtidarında, cəmiyyətində, mətbuatında çoxdan var idi. Ancaq son hadisələr bizi millət olaraq daha da çox həyəcanlandırıb. İranın Ermənistanla boru kəmərinin çəkilməsi ilə bağlı müqavilə imzalaması İran-Ermənistan münasibətələri ilə əlaqədar məsələlərdir və biz bunları məqbul saya bilmərik. Biz bunların hər zaman əleyhinə gedəcəyik.