Avropa İttifaqı Dağlıq Qadabağ münaqişəsinə münasibətini dəyişirmi?

19 Fevral 2011 02:49 (UTC+04:00)

Bildiyimiz kimi Almaniya, İtaliya, İspaniya, Macarıstan və Fransa Dağlıq Qarabağın tərəfindən işğal olunduğunu, dolayısı ilə Ermənistanın işğalçı dövlət olduğunu və buna görə də Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağa öz vətəndaşlarını qətiyyən getməməyə çağırıb. Təbii ki, bütün bunlar Azərbaycan diplomatiyasının qazandığı növbəti  böyük uğurdur. Nəzərə alsaq ki, erməni lobbisinin  çox geniş mövcud olduğu dövlət Fransadır. Fransanın belə bir qərar qəbul etməsi Azərbaycan dövləti üçün çox müsbət haldır. Millət vəkilləri Gülər Əhmədova və Musa Qasımlı Fransa dövlətinin belə bir addım atmasını çox təqdirəlayiq hal və bunun bilavastə Azərbaycan dövlətinin yürütdüyü uğurlu siyasətin nəticəsi olduğunu qeyd ediblər.

Millət vəkili Gülər Əhmədova:

- Fransanın verdiyi bu qərarı çox müsbət və təqdirəlayiq hal kimi dəyərləndirirəm. Fransa dövlətinin belə bir qərar qəbul etməsi ölkəmiz üçün çox əhəmiyyət və önəm daşıyır. Fransa dövlətinin verdiyi bu qərarı birmənalı olaraq, dövlətimizin yürütdüyü siyasətin uğuru hesab etmək olar. Millət vəkili bu tendensiyanın digər ölkələr tərəfindən də davam etməsinin  çox real göründüyünü qeyd edib. Nəzərə alsaq ki, bu gün Avropada iki hegamon dövlət var ki, bunlardan biri Almanya, digəri isə Fransadır. Məlum məsələdir ki, erməni lobbisinin çox güclü olduğu dövlət Fransadır və bu dövlət də Ermənistanın işğalçı dövlət olduğunu və vətəndaşlarının Dağlıq Qarabağa getməməsini bəyan etdi. Ona görə də, çox böyük ümidlərlə bildirmək istəyirəm ki, digər ölkələr tərəfindən belə bir lazımi addımın davam etdirilməsı mümkündür. Güman edirəm ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Rusiya dövlətinin bu cür qərar verməsi məntiqə uyğun olardı. Əslində, belə bir qərarı, ilk növbədə, Rusiya verməlidir. Amma məşhur rus yazarının da dediyi kimi, Rusiyanı məntiqlə başa düşmək çox çətindir. Əslində, həqiqətən də Rusiyanın hansı addım atacağı, hansı qərarı qəbul edəcəyi məlum deyil. Ermənistanda Göyçə və Zəngəzur Respublikalarının yaradılması məsələsinə toxunan G.Əhmədova bildirib ki, əslində, İrəvan Mühacir Dövlətinin yaradılması məsələsinə yenidən baxmalıyıq və bu məsələni mütləq beynəlxalq müstəviyə çıxarmalıyıq. Bundan əlavə, Azərbaycan qanunvericiliyində də bunu təsdiq edən hər hansı bir qanun qəbul edilməlidir. O ki qaldı, Azərbaycan ərazisi olan Dağlıq Qarabağ da daxil olmaqla "Böyük Ermənistan" dövlətinin yaradılmasına, bu, heç vaxt öz real təsdiqini tapmayacaq. Serj Sarkisyanın həm intellektual, həm də bütün sahələrdə səviyyəsi tamamilə çox aşağıdır. Bu həmin Sarkisyandır ki, uşaqları, yaşlıları öldürdüyü üçün özünü "qəhrəman" sayır. O baxımdan da onun Dağlıq Qarabağla bağlı "düşüncələri" və "arzuları" əsassızdır. Sadəcə olaraq, beynəlxalq birlikdən istədiyimiz Azərbaycanın haqq səsini eşitməyi və öz haqlı mövqeyini müdafiyə etməsidir.

Millət vəkili Musa Qasımlı;

- Son vaxtlar Böyük Britaniya, Almaniya, İtaliya, Polşa, İspaniya və nəhayət Fransanın xarici işlər nazirlikləri vətəndaşlarına Dağlıq Qarabağ regionuna səyahət etməməyi və təhlükəli olduğunu bildirib. Həmin dövlətlərin sənədlərində göstərilir ki, Dağlıq Qarabağ regionu Azərbaycanın ərazisidir və Ermənistan tərəfindən işğal altındadır. 1994-cü ildən Ermənistanla Azərbaycan arasında atəşkəs rejimi olsa da, silahlı münaqişə hələ də davam edir. Yuxarıda adı çəkilən ölkələr Avropa İttifaqının üzvləridir və Avropa siyasətinə təsir edən ölkələrdir. Bu ölkələrin XİN-də Ermənistanın Azərbaycan ərazilərini işğal edilməsi faktının təsdiq edilməsi şübhəsiz ki, müsbət haldır. Fransa və Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının daimi  üzvləridir. Fransa dövləti tərəfindən işğalçı Ermənistana belə bir xəbərdarlığın edilməsi Azərbaycan dövləti haqqında həqiqətlərin başa düşülməsi kimi də qiymətləndirilə bilər. Fransa kimi dövlət belə bir bəyanat verdikdən sonra digər ölkələr də eyni mövqe tutmağa başlayacaq. Düşünürəm ki, Rusiya dövləti də öz ölkəsinin belə müvafiq mövqeyini mütləq ortaya qoymalıdır. Özünə hörmət edən heç bir dövlət, təşkilat, qurum heç vaxt işğalçı Ermənistanın mövqeyini müdafiə etməməlidir. Ermənistan kimi işğalçı dövləti müdafiyə etmək həmin dövlətlərin imicinə zərbə deməkdir. Çünki Sarkisyan, Köçəryan Dağlıq Qarabağda soyqırım törədilməsində ən böyük təşkilatçılardır. Çətin ki, onlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində ədalətli mövqe göstərsinlər. Ermənistanın konstruktiv mövqe tutacağına inanmıram. Böyük dövlətlər terroru dövlət səviyyəsinə qaldıran Ermənistana təzyiq etməli və işğal edilmiş ərazilərin boşalılmasını tələb etməlidir. Yalnız bu zaman işğalçı dövlətə təzyiqlər olacağı təqdirdə, münaqişənin həllində ciddi irəliləyişlər olmasına ümid bəsləmək olar.