“Azərbaycanda radikal müxalifətin heç bir sosial bazası yoxdur” RƏY-ÖZƏL

28 Avqust 2019 16:01 (UTC+04:00)

“Əli Kərimlinin “Osmanqızı” internet televiziyasına mitinq keçirə bilmədikləri ilə bağlı etirafı reallığı əks etdirir və bizim hər zaman qeyd etdiyimiz həqiqəti sübut edir, xalq bu dağıdıcı, müəyyən xarici qüvvələrin əlində oyuncağa çevrilmiş kəsimi dəstəkləmir”. Bunu SİA-ya açıqlamasında AGAAMC-ın sədri İlqar Orucov deyib.

Onun sözlərinə görə, Ə.Kərimli etiraf edir ki, onlar hətta mitinq keçirsələr belə nəticə əldə edə bilmirlər: “Səbəb çox sadədir. Hər hansı bir siyasi qüvvə, siyasi iddiası olan qrup nəticəni əldə etmək üçün xalqdan dəstək almalıdır. Bu adamların isə Azərbaycan xalqı ilə, xalqın istəyi, arzuları ilə heç bir bağlılığı yoxdur. Müdrik Azərbaycan xalqı intellektual baxımdan xeyli inkişaf etmiş xalqdır, eyni zamanda keçən əsrin 90-cı illərindən fərqli olaraq hazırda siyasi cəhətdən maariflənmişdir. İnanıram ki, Ə.Kərimli 26 illik uğursuz müxalifətçilik taleyindən nəticə çıxarmamış olsun. Lakin, həmişəki kimi bu adam etdiyi yuxarıda qeyd etdiyimiz etirafından sonra yenidən mitinq keçirmək arzusunu dilə gətirir. Nədir səbəb? Bildiyimiz kimi, bu adamlar müxtəlif sifarişlərin icraçılarıdır və xaricdən mitinq keçirmək adı ilə külli miqdarda vəsaitlər əldə edirlər. Bu vəsaitləri realizə etmək üçün yalançı mitinq keçirmək, mitinq görüntüsü yaratmaq, hətta bu tipli uğursuz mitinqlərdə polislə bilərəkdən qarşıdurmaya getmək kimi fon yaratmaq lazımdır. Həm də, xaricə siyasi mühacir biznesi üçün seçdikləri adamların polislə əlbəyaxa görüntüsünü əldə etmək məqsədilə yeni-yeni fotoşəkillər lazımdır. Yəni, Ə.Kərimlinin mitinq keçirmək arzusu bununla bağlıdır”.