"Bakının Böyük şor adlanan hissəsində tikiləcək stadionun tutumu 65 min nəfərlik olacaq". Siasport.az saytı xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. Onun sözlərinə görə, hazırda layihənin hazırlıq müddəti davam edir və futbol federasiyası tərəfindən bu layihə yaxın zamanlarda reallaşdırılacaq: "Böyük şor deyilən ərazidə 65 min nəfərlik stadion tikiləcək. İlk layihə Parisin "Stad de Frans" stadionuna oxşar bir layihə idi. Layihənin məbləği 300 milyon manat dəyərində idi. Ancaq ən son layihə ondan ucuz olmalıdır. Yenə də biz istərdik ki, onun tutumu 60-65 min nəfərdən az olmasın".
A.Rəhimov həmçinin bildirib ki, stadionda lift sisteminin tətbiq olunması və pnevmatik oturacaqların yerləşdirilməsi təklif olunub: "Belə olarsa, lazım olduqda stadionda qaçış zolağı açılacaq, futbolu izləmək istəyən tamaşaçıların sayı çox olduqda isə qaçış zolağı hissəsinə oturacaqlar yerləşdirmək mümkün olacaq".