ADU-da Azərbaycan və Çində UNESKO-nun irsi sayılan abidələrlə bağlı müzakirələr aparılıb

26 Avqust 2019 11:11 (UTC+04:00)
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda "Azərbaycanda və Çində UNESKO-nun ümumdünya irs obyektləri" mövzusunda Çin mədəniyyəti həvəskarları klubunun növbəti iclası keçirilib. ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbir Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinə həsr olunub. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan ilə UNESKO arasında elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığın inkişafından danışıb. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın milli-mənəvi dəyərlərin, mənəvi və qeyri-maddi irsin dünya miqyasında təbliği, sülh, sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizm kimi ümumbəşəri ideyaların həyata keçirilməsi istiqamətində fəaliyyətini xüsusilə qeyd edib. R.Abbasov vurğulayıb ki, Azərbaycan muğamı, Qobustan Milli Tarix-Bədii Qoruğu, İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı Kompleksinin UNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilməsi məhz Mehriban xanım Əliyevanın daimi səylərinin nəticəsidir. .Abbasov Mehriban Əliyevanın Heydər Əliyev Fondunun illik fəaliyyətinə həsr olunmuş toplantıda iştirak edən Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Çjan Xayçjou, UNESKO-nun Baş Konfransının sədri Xao Pinq, eləcə də Heydər Əliyev Fondunun Azərbaycan-Çin arasındakı humanitar əlaqələri və Çində müxtəlif mədəni layihələri reallaşdıran xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Li Syaoli ilə görüşlərini xatırladıb. Həmçinin qeyd edilib ki, Heydər Əliyev Fondu ilə Çinin Xarici Ölkələrlə Xalq Dostluq Cəmiyyəti arasında dostluq və əməkdaşlıq haqqında Memorandum əsasında Pekin Milli İfaçılıq İncəsənət Mərkəzində Fuad İbrahimovun drijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Azərbaycan-Çin dostluğuna həsr olunmuş milli musiqilərdən ibarət konsert proqramı baş tutub. Eyni zamanda, Bakıda, Heydər Əliyev Mərkəzində müasir Çin rəssamlarının əsərlərindən ibarət "Ulduzlar toplusu" sərgisi, müasir Çin incəsənətinin tanınmış nümayəndəsi, rəssam Vanq Yuyanqın "Unikallıq" və "Hennessy X.O İpək Yolu Odisseyi" sərgiləri keçirilib. R.Abbasov,həmçinin Çin Xalq Respublikasının Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsinin sədr müavini Bay Liçen və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası sədrinin birinci müavini Can Qaolinin başçılıq etdiyi Çin nümayəndə heyətlərinin Azərbaycanda səfərdə olduqlarını, ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsinə və təbliğinə, ölkələr və xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmlənməsinə yönəlmiş humanitar layihələrin həyata keçirilməsinə Fondun böyük töhfə verdiyini diqqətə çatdırıb. İclas iştirakçıları Azərbaycanda və Çində UNESKO-nun irsi sayılan Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə İçərişəhər, Qobustan Milli Tarix-Bədii Qoruğu, Şəki Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi, Böyük Çin səddi, Yasaq şəhər, Terrakota ordusu, Qufu şəhərində olan Konfutsi məbədi, məzar və muzey komplekslərinin mədəni, tarixi və ekoloji əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar. İştirakçılar, həmçinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi məqsədilə mədəni və təbii irs obyektləri üçün yeni meyarların xüsusiyyətinə həsr olunmuş məruzələrlə çıxış ediblər.