Dövlət Sərhəd Xidmətinin daxilində bütün dövrlərdə korrupsiyaya qarşı mübarizə aparılıb. Bu sahədə Dövlət Sərhəd Xidmətinin nailiyyətləri də mövcuddur. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev deyib. Onun sözlərinə görə, ordu xidmətində korrupsiya olmamalıdır: "Mən deyə bilmərəm ki, hansı sahələr üzrə problemlər mövcuddur. Əgər problemlər yaranarsa, onların qarşısı alınar və zəruri tədbirlər görülər. Bura ordu xidmətidir. Burada korrupsiya olmamalıdır. Ona görə ki, bizim üçün bütün zəruri şəraitlər yaradılır. Büdcədən ayrılan vəsait inkişafa yönəldilir. Silahlı qüvvələr bütün xalqın qürur yeridir. Mümkün qədər burada problem olmamalıdır. Hazırda əminliklə deyə bilərəm ki, Dövlət Sərhəd Xidmətində bir bu problem yox, digər problemlərə qarşı ciddi mübarizə aparılır".
Qeyd edək ki, bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin yaradılmasının 6-cı ildönümü və döyüş sırasına yeni daxil edilən itisürətli qayıqlara baxış mərasimi keçirilib. Əvvəlcə itisürətli qayıqların dənizdə manevr elementləri nümayiş etdirilib. Mərasim iştirakçıları qəza və baxış qruplarının təchizat və avadanlığı ilə tanış olub. Eyin zamanda sahil mühafizəsinin döyüş hazırlığını nümayiş etdirib.
Sahil Mühafizəsinin klubunda ildönümü münasibətilə keçirilən tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev, Sahil Mühafizəsinin rəisi, general-mayor İlham Mehdiyev çıxış ediblər. Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev çıxışında Sahil Mühafizəsinin formalaşması, dövlət sərhədlərinin mühafizəsi sisteminin təşəkkülü, dəniz sərhədlərinin etibarlı qorunması istiqamətində Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi çoxsaylı tədbirləri minnətdarlıq hissi ilə qeyd edib.
O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində Xəzər dənizində güclü sərhəd mühafizəsi infrastrukturu yaradılıb, DSX Sahil Mühafizəsinin Xəzər dənizinin Azərbaycan mənsub hissəsində dövlət maraqlarının müdafiəsi və sərhədlərin toxunulmazlığını yüksək səviyyədə təmin etməyə qadir hərbi birləşmə kimi formalaşıb. Tədbirin sonunda xidmətdə fərqləndiyinə görə 16, fəxri fərmanla 5, 12 nəfər isə hərbi rütbə ilə təltif edilib.